Orxan Məmmədov kimlərlə görüşdü?
Azərbaycan Mini Futbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov və federasiyanın üzvləri ölkəmizdə səfərdə olan Dünya Mini Futbol Federasiyasının (WMF) prezidenti Filip Juda ilə görüşüblər.
mediasport.az xəbər verir ki, görüşdə qonaqlar Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirinin təşkilini yüksək qiymətləndiriblər.
Həmçinin Azərbaycanda bu idman növünün təbliğinin yüksək səviyyədə aparıldığını, bu işdə AMF-in səmərəli fəaliyyətini xüsusi vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanda minifutbola göstərilən diqqət və qayğı bir çox ölkələrə nümunə olmalıdır.
Mini futbol üzrə Dünya və Avropa çempionatlarının ölkəmizdə keçirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanın dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi etdiyi və təşkilatçılıq sahəsində böyük təcrübəsi olduğu qeyd edilib.
AMF rəhbərliyi həmçinin Afrika Mini Futbol Konfederasiyasının prezidenti Əşrəf Ben Salfa, Türkiyə Mini Futbol Federasiyasının prezidenti Cem Durul, İtaliya Mini Futbol Federasiyasının prezidenti Canluka Finassi, CAR Mini Futbol Federasiyasının prezidenti Edqar Sandamela və digər ölkələrin federasiya rəsmiləri ilə də görüşlər keçirib.