Mehremiç: "Anlaya bilmirəm ki, hakim necə ofsayd qərarı vermədi"

Mehremiç: "Anlaya bilmirəm ki, hakim necə ofsayd qərarı vermədi"

“Səbail”in müdafiəçisi Adi Mehremiç Premyer Liqanın 13-cü turunun "Qarabağ"la səfər oyunundan (1:3) sonra Mediasport.az saytına müsahibə verib.


"Qarabağ"a məğlubiyyət haqda nə deyə bilərsən?

- “Qarabağ”a qarşı oynamaq hər zaman çətindir. Onlar neçə illərdir çempiondurlar. Komandanın heyəti çox güclüdür. Heyətdəki 24 futbolçunun hamısı çempionatda yüksək səviyyədə çıxış edə bilər. Əslində, pis oynamadıq. Sadəcə, ilk yarıda heç nədən, çox sadə qollar buraxdıq. Üçüncü qolda isə anlaya bilmirəm ki, hakim necə ofsayd qərarı vermədi. VAR-a 5 dəqiqə baxırlar. Halbuki mən 100 faiz əminəm ki, orda oyundankənar vəziyytət var idi. Bəlkə də həmin qol olmasaydı, biz fərqləndikdən sonra nəyəsə ümid edə bilərdik. Hər halda 1:3-lə 1:2 arasında fərq var.

Bu mövsüm çoxları hakimlikdən narazılıq edir.

- Hər oyunda hansısa mübahisəli məqam olur. Lakin bu barədə çox danışmaq istəmirəm. Oynamaq, xallar qazanmaq lazımdır.

“Qarabağ”la oyuna ciddi itkilərlə çıxmışdız. Bu məqam matçdan öncə komandada “onsuz da uduzacağıq” fikri formalaşdırmışdı?

- Yox, belə düşünmürdük. Düzdür, Ağabala və Ramalinqomun yoxluğu bizim üçün ciddi itkidir. Bu gün də onların yeri meydanda görünürdü. İnanıram ki, tezliklə hər ikisi yenidən bizimlə birgə olacaq.

Heyətdəki itkiləri nəzərə alsaq, qarşıdakı fasilənin “Səbail”in xeyrinə olacağını söyləyə bilərik?

- Təbii ki, bu fasilə xeyrimizədir. Bir qədər dincələcəyik, gücümüzü bərpa edəcəyik. İnşallah, zədəlilərimiz də sıraya qayıdacaq. Fasilədən sonra yenidən güclü “Səbail” görəcəyinizə əminəm.

Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsız. Bu komandanın son turda “Araz-Naxçıvan”ı məğlub etməsi sizin üçün sürpriz oldu?

- Çempionat elə keçir ki, hər hansı nəticəyə təəccüblənmək olmur. Hər komanda digərini məğlub edə bilər. Sadəcə, köklənməli və hər oyunda 100 faiz gücünü meydanda qoymalısan.

Son zamanlar bir neçə oyunda meydanda komanda yoldaşın Yusif Nəbiyevlə aranızda mübahisə yaranır. Səbəb nədir?

- Aramızda hər hansı bir problem yoxdur. Mən də, Yusif də enerjili oyunçularıq. Uduzmağı sevmirik, hər zaman qalib gəlmək istəyirik. Nəsə alınmayanda dərhal buna reaksiya veririk. Yəni, oyunlar zamanı belə halların yaşanması normaldır. Nə olursa, meydanda da qalır. Meydandan kənarda yaxın dostuq və bir-birimizlə çox yaxşı anlaşırıq.

“Sumqayıt” bu tur “Neftçi”ni məğlub etməklə turnir cədvəlində sizi geridə qoydu...

- Xalımız eynidir, sadəcə, “Sumqayıt” şəxsi görüşdə üstünlüyə malikdir. İlk dövrədə onlara uduzmuşduq. Dekabrın sonunda yenidən üz-üzə gələcəyik. İnanıram ki, həmin matçda ilk turdakı məğlubiyyətin əvəzini çıxıb, qış fasiləsinə üçüncü pillədə yollanacağıq.

Belə çıxır ki, hazırkı məqamda “Səbail”in məqsədi qış fasiləsinə ilk üçlükdə yollanmaqdır?

- İkinci dövrəni üçüncü, yaxud dördüncü pillədə başa vursaq, əla olar. Bunun üçün sona qədər mübarizə aparacağıq. Rəhbərlik qarşımıza konkret üçüncü olmalısız deyə hədəf qoymayıb. Sadəcə, mən avrokuboklara vəsiqə qazanmağı çox istəyirəm. Fərqi yoxdur, çempionatdan, yaxud kubokdan.

Kubokun püşkünü “Səbail” üçün uğurlu saymaq olar?

- Olar. Bilirəm ki, “Qarabağ”, “Neftçi” və “Sabah” kimi komandalarla finala qədər qarşılaşmayacağıq. Bu da kubokla bağlı ümidləri artırır. Lakin indidən bu barədə çox danışmaq istəmirəm. Həm ona hələ vaxt var, həm də bizim tərəfdə yer alan kollektivlər də zəif deyillər.

ELVİN