"Artıq yerli idmançılardan ibarət komanda formalaşdırılıb"
Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" turniri keçirilir.
Mediasport.az xəbər verir ki, federasiyanın baş katibi Günel Bədəlova yarışın açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib.
Qurum rəsmisi "Şahdağ" Turizm Mərkəzinin Beynəlxalq Xizək Federasiyası tərəfindən irimiqyaslı yarışların keçirilməsi üçün üç sertifikat aldığını deyib:
"Bu, gələcəkdə "Şahdağ" Turizm Mərkəzində beynəlxalq yarışların və dünya çempionatlarının keçirilməsinə şərait yaradacaq. Həmçinin, bunlar Azərbaycanda qış idman mədəniyyətinin yaranmasında kömək edəcək. Ötən il də fiqurlu konkisürmənin inkişafına başlamışıq. Artıq Bakıda "Buz Arena"sı da fəaliyyətə başlayıb".
Bədəlova daha sonra Səbinə Əliyevanın Türkiyədə keçirilən yarışda ikinci olduğunu diqqətə çatdırıb:
"İdmançımız bu nəticə ilə dünya çempionatına vəsiqə qazanıb. Viladimir Litvintsev martın sonunda Kanadada keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Artıq xizək alpinizmi üzrə yerli idmançılardan ibarət komanda formalaşdırılıb. Yığma Türkiyənin Rizə şəhərində keçiriləcək turnirdə iştirak edəcək. Eləcə də yeniyetmə idmançılar Almaniyada təşkil olunacaq Dünya Kubokunda da qüvvələrini sınayacaqlar".