Avropa çempionatında gümüş medal qazanan yığmamız təltif edilib
Almaniyanın Düsseldorf şəhərində təşkil olunan at polosu üzrə 14-cü Avropa çempionatında gümüş medal qazanan Azərbaycan millisinin təltif olunması münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında tədbir keçirilib.
Mediasport.az xəbər verir ki, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Atçılıq Federasiyasının nümayəndələri iştirak edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qayğısı sayəsində ölkədə idmanın bütün sahələrində olduğu kimi atçılıq növünün də inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər turnirlərdə, beynəlxalq yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunub.
Azərbaycan yığması Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən çempionatın ikinci pilləsinə yüksəlmələri münasibətilə təbrik edilərək nümayiş etdirdikləri əzmkarlıq və fədakarlığa görə təltif olunub.
Nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini iki dəfə ardıcıl olaraq Avropa çempionatında layiqli təmsil edərək uğur qazanmaları və ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil etdikləri üçün təbrik edib və yeni-yeni uğurlar arzulayıb.
Görüş zamanı Gənclər və İdman Nazirliyi və Azərbaycan Atçılıq Federasiyası tərəfindən Azərbaycanda atçılığın polo və digər idman növlərinin inkişaf perspektivləri ilə bağlı birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda təltifləndirilən heyətlə xatirə fotoşəkilləri çəkdirilib.