Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresi Bakıda işinə başlayıb

Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresi Bakıda işinə başlayıb

Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi Bakıda öz işinə başlayıb.

Mediasport.az xəbər verir ki, Bakıda səfərdə olan Hərəkatın rəsmiləri, üzv ölkələrin nümayəndələri, konqres təşkilatçıları Fəxri Xiyabana gedərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Qonaqlar həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, xatirəsini ehtiramla anıblar.

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonda nümayəndə heyəti “Türk Şəhidliyi” abidəsini ziyarət edib, abidə önündə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, bu gündən etibarən Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi komitə iclasları ilə öz işinə başlayıb. Eyni zamanda, Konqres çərçivəsində Avropa Ədalətli Oyunlar “Qala mükafatlandırma”sı mərasimi keçiriləcək, iştirakçılar Avropada və ölkəmizdə ədalətli oyunların təşviqi və hərəkatın inkişafındakı xidmətlərinə görə təltif olunacaqlar.

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan Konqres iki gün davam etməklə “İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili” mövzusunu əhatə edəcək. “Hilton” hotelində təşkil olunacaq tədbirdə yerli idman qurumlarının, eləcə də ölkəmizə səfər etmiş Avropa Ədalətli Oyunlar Hərəkatına üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.