Azərbaycan çempionatında 320-dən çox idmançı yarışacaq
Qadın və kişi cüdoçular arasında ölkə çempionatının püşkatma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) Mediasport.az saytınaverilən məlumata görə, tədbirdə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri və hakimlər komitəsinin sədri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov iştirak ediblər.
R.Rəsullu 60 idman təşkilatından 320-dən çox idmançının çempionatda iştirak edəcəyini vurğulayıb.
O, bu ilin Azərbaycan cüdosu üçün əlamətdar olduğunu, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında, eləcə də yeniyetmə və gənclər arasında yarışlarda tarixi nəticələrin əldə edildiyini xatırladıb.
Qeyd edib ki, bu uğurlar həm idmançılara, həm də federasiyanın gələcək fəaliyyətinə yüksək stimul yaradır. Vitse-prezident yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.
Bu gün start götürən ölkə çempionatı dekabrın 1-dək Bakı İdman Sarayında keçiriləcək.