Millilərimiz dünya çempionatını qızıl medalsız başa vurublar
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı başa çatıb.
Mediasport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz mundialda 1 gümüş, 3 bürünc medal qazanıb.
93 xal toplayan yığmamız komanda hesabında dünya 2-cisi olub.
Türkiyə (121) birinci, Gürcüstan (78) üçüncü yeri tutub.
Komandamız bu nəticəylə 2 göstəricisini yaxşılaşdırıb. 2017-ci ildən keçirilən U-23 dünya çempionatları tarixində ilk dəfə ikinci yeri tutan yunan-Roma güləşi üzrə millimiz həm də komanda hesabında toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, DÇ-də Xasay Həsənli (77 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Ruslan Nurullayev (72 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, sərbəst güləş millimiz DÇ-də 2 gümüş və 3 bürünc olmaqla, 5 medal qazanıb və 87 xalla komanda hesabında dünya 3-cüsü olub.
Qadınların yarışında isə yalnız Jalə Əliyeva gümüş medal qazana bilib.