"Azərbaycanın qadın futbolu indi ən yaxşı dövrlərindən birini yaşayır"

 "Azərbaycanın qadın futbolu indi ən yaxşı dövrlərindən birini yaşayır"

"İlk dəqiqələrdən çox çətin oyun oldu. Rəqib fiziki cəhətdən yaxşı vəziyyətdə idi. Öyunöncəsi biz onları analiz etmişdik və bilirdik ki, keyfiyyətli futbol oynayırlar".

Bu sözləri Mediasport.az saytına açıqlamasında qadınlardan ibarət Azərbaycan milli komandasının yarımmüdafiəçisi Manə Mollayeva deyib.

UEFA Millətlər Liqasının C qrupunun 3-cü turu çərçivəsində səfərdə Farer adaları yığması üzərində 2:1 hesablı qələbədə pay sahibi olan "Neftçi"nin oyunçusu təəssüratlarını bölüşüb:

"Bu matçda qələbə bizə qrupda yerimizi möhkəmləndirmək üçün çox vacib idi. Komanda olaraq sonadək vuruşduq və 3 xalı qazandıq. İndisə bütün diqqətimizi Monteneqro ilə oyuna yönəldəcəyik. 3 gündən sonra doğma meydanda oynayacağıq. Uğurlu seriyanı davam etdirib azarkeşlərimizi sevindirmək istəyirik. Fürsətdən istifadə edib azarkeşləri matça dəvət edirəm, onların dəstəyinə çox ehtiyacımız var".

Farer adaları millisinin qapısına vurulan 2-ci qolun müəllifi yığmamızın qrupdan çıxmaq imkanlarının öz əllərində olduğunu bildirib: "Əlbəttə, özümüzdən asılıdır. Qalan oyunların hamısında maksimum nəticə qazanmağa çalışacağıq. Avropa çempionatına yollanmaq üçün qrup lideri olub B səbətində yer ala bilərik. Fikrimcə, Azərbaycanın qadın futbolu indi ən yaxşı dövrlərindən birini yaşayır. Komanda olaraq yaxşı vəziyyətdəyik və inanıram ki, tarix yaza biləcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Kipr, Monteneqro və Farer adalarının yer aldığı qrupda 3 oyundan sonra 7 xalla liderdir. Monteneqro 6 xalla ikinci, Kipr isə 4 xalla üçüncü pillədə qərarlaşıb.

Komandamız oktyabrın 31-də Bakıda sentyabrın 26-da səfərdə 1:0 hesabı ilə qalib gəldiyi Monteneqronu qonaq edəcək. "Dalğa Arena"da keçiriləcək matç saat 16:00-da başlanacaq.