Bakıda məşqçilər üçün növbəti beynəlxalq seminara start verilib
Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminara start verilib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) Mediasport.az saytına verilən məlumata görə, Beynəlxalq Voleybol Federasiyası (FIVB) və AVF-nin birgə təşkilatçılığı ilə baş tutan FIVB-nin Level iki seminarı sentyabrın 15-dək davam edəcək. Burada yerli və xarici mütəxəssislər iştirak edəcəklər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminara rəhbərliyi türkiyəli Cengiz Akarçeşmə edir, onun assistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatını almış, çimərlik voleybolu üzrə məşqçi olan Nihad Tanriverdiyevdir.
Seminar nəzəriyyə və təcrübədən ibarətdir. Seminarın son günü imtahan təşkil ediləcək və bu mərhələni uğurla keçəcək mütəxəssislərə FIVB-nin Level 2 dərəcəli beynəlxalq sertifikatı veriləcək.
Nəzərinizə çatdıraq ki, 3-7 iyul tarixlərində Bakıda FIVB-nin Level 1 seminarı keçirilib. Cari ilin noyabr ayında isə ölkəmizdə FIVB Level 3 beynəlxalq seminarının təşkili nəzərdə tutulub.