Köhnə taktika yeni "Turan Tovuz"da İŞƏ YARAMIR, cənab Berdıyev!
Ötən mövsümün sonunda "Turan Tovuz"un Ayxan Abbasovla yolları qəfil ayırmasına klub rəhbərliyinin avrokuboklara oynayacaq iddialı komanda qurmaq istəyi və gənc mütəxəssislə bu istiqamətdə anlaşılmazlığı səbəb olmuşdu.
Belə deyilirdi, hər halda.
Kurban Berdıyev kimi ünlü baş məşqçinin gətirilməsi, sadəcə, ad xətrinə edilmiş seçim də deyildi. Məqsədin, hədəfin ağırlığı hiss olunurdu, konkret.
Belə desək, daha təcrübəli və titullu yeni baş məşqçi və komanda üçün yaradılan maksimal şərait "Huner Group"un rəhbəri, qərb təmsilçisinin əsas sponsoru Ehtiram Quliyevin sevdiyi futbola ciddi baxış bucağından yanaşmasının göstəricisi idi.
Ancaq...
Premyer Liqada 16 tur geridə qalıb. Düzdü, "Turan Tovuz" hələlik iddiaçılar sırasında - 3-cü pillədə lövbər salıb.
Sadəcə, bunun sonadək belə olacağı çox şübhə doğurur. Əminəm, klub rəhbərliyi də arzuladığı, görmək istədiyi komandanın, oyunun şahidi olmayıb hələ.
Kurban Berdıyevin faktiki normal-sabit bir taktikası, planı görünmür.
Heyətdə çatışmazlıqlar, futbolçu kasadlığı var, doğrudu, lakin bu, "Turan Tovuz" dədə-baba "vur qabağa" futbol oynamasına rəvac verməməlidi!
Səni Azərbaycana bunun üçün gətiriblər məgər? Camaat konkret iş görmək istəyir, pul xərcləyir e.
Məsələn, ötən il Tovuzda bəyənilməyən Ayxan Abbasovlu "Şamaxı"nın, məşqçiliyin "M" hərfini elə Kurban Berdıyevin yanında əzbərləməyə başlamış Cavid Hüseynovlu "Səbail"in və "Turan Tovuz"un oynadığı futbola müzakirə etsək, inanın, üçünün ortasında ən zəifi "Turan Tovuz"du, zənnimcə.
Komanda Kurban Berdıyevin rəhbərliyi altında geridə qalan 16 turda konkret sistem-taktika qoymayıb ortaya.
Bu aralar rəhbərliyin eninə-uzununa yaratdığı şəraitin əvəzini sanki gözəgörünməz varlıq verir, son dəqiqə qolları ilə.
Amma nə vaxtadək?
Türkmənistanlı çalışdırıcı sürətlə müasirləşən futbola, innovativ yeniliklərə ayaq uydurmasa, bəxt də bir yerə qədər.
Klub üçün dişi-dırnağı ilə zəhmət çəkənlərin alın tərini yerə vurmaq böyük günah olar.
AYXAN