"Millinin baş məşqçisi milli ruhda insan olmalıdır - Yararsız, heç kimə lazım olmayan əcnəbidənsə..."
"Milli komanda yaralı yerimizdir. Yığmaya yararsız, heç kimə lazım olmayan əcnəbi baş məşqçidənsə, öz yerli mütəxəssislərimizdən birinin baş məşqçi olması daha məqsədəuyğundur".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının keçmiş futbolçusu Bəxtiyar Musayev deyib.
Veteran futbolçu əksəriyyət kimi, yığmaya yerli baş məşqçi təyin olunmasının tərəfdarı olduğunu bildirib.
"Plan üzrə iş görülməlidir. Nəinki futbolçuların bacarığı, məşqçinin taktiki gedişləri, komandanı psixoloji cəhətdən hazırlaya bilməsi əsas şərtdir. Millinin məşqçisi milli ruhda insan olmalıdır. Uzağa getmədən bir nümunə çəkim, Belçika ilə oyunda Azərbaycan himninin yerinə İsveçrənin himni səslənmişdi. Baş məşqçini ekranda göstərirdilər. Təəssüf ki, etiraz etmirdi. Bildiyim qədər, AFFA rəsmiləri tribunadan müdaxilə edəndən sonra məsələ həllini tapdı. Demək istədiyim odur ki, milli komanda bizim qürur yerimizdir. Buraya məşqçi gətirəndə hər bir detala fikir verilməlidir".
Qeyd edək ki, noyabrın sonunda AFFA ilə müqaviləsi başa çatan italyan Canni De Byazi ilə yeni anlaşma imzalanmayıb. Federasiya hazırda milliyə baş məşqçi axtarışlarını davam etdirir.
Qurumun, əsasən, əcnəbi mütəxəssisə üstünlük verdiyi deyilir. Son günlər 71 yaşlı türkiyəli Şenol Günəşin adı daha çox hallanır.