"Düşünmürəm ki, böyük futbolçu olardım" - Ukraynaya olimpiada medalı qazandıran azərbaycanlı

"Düşünmürəm ki, böyük futbolçu olardım" - Ukraynaya olimpiada medalı qazandıran azərbaycanlı

“Azərbaycanda güləşə başladığım günü və qazandığım ilk medalı yaxşı xatırlayıram. Bu, həyatımdakı ən unudulmaz və xoş xatirədir. Hətta anam mənə bu mükafatın “Tokyo-2020” Yay Olimpiya Oyunlarında əldə etdiyim medalla eyni dəyərə sahib olduğunu deyir”.

Mediasport.az xəbər verir ki, bu sözləri Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.

Əslən Ağstafadan olan 27 yaşlı idmançı güləşlə məşğul olmasının səbəbini açıqlayıb. O bildirib ki, anadan olduğu rayonda digər idman növləri üzrə bölmələr olmadığı üçün güləşi seçib:

“Digər idman növlərindən futbola marağım olub. Bu idman növünü hər zaman sevmişəm. Amma düşünmürəm ki, güləşi seçməsəydim, böyük futbolçu olardım. Hobbilərim arasında reqbi və basketbol da var”.

Tokio Olimpiadasının gümüş mükafatçısı Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadəyə (72 kiloqram) məğlub olduğu final görüşündən də söz açıb:

“Rəqibim çox güclü idi, dünya və Avropa çempionu olub. Ülvünü çoxdan tanıyıram. Kiminlə qarşı-qarşıya gələcəyimin fərqində idim, zəif tərəflərini yaxşı bilirdim. Karyerası ərzində yalnız 72 kq-da yarışıb. Mən isə uzun müddətdir bu çəkidə güləşmirdim. Üstəlik, hakimlərin də mənə qarşı qərəzli qərarları oldu. Lakin bütün bunlar geridə qaldı. Öz səhvlərimdən nəticə çıxarmağa çalışacağam”.

Qeyd edək ki, Pərviz Nəsibov 6 yaşı olarkən ailəsi ilə birlikdə Ukraynaya köçüb.