"Sizi də anlayıram, amma lazım olsa, Höccətə şans verəcəyik”
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi jurnalistlər önünə çıxıb.
Mediasport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis sabah AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Bakıda Belçika yığmasına qarşı keçirəcəkləri görüş haqda danışıb.
İtalyan çalışdırıcı komandamızı ağır oyun gözlədiyini deyib: "Maksimum cəsarətli olmalıyıq. Uğurlu nəticə qaznamaq istəyirik. Fürsətlərdən istifadə etməli və əvvəllər buraxdığımız səhvləri təkrarlamamalıyıq. Rəqibimiz FİFA reytinqində 4-cü sıradadır. Təbii ki, ümid sonda ölür. Güclü rəqibə qarşı oynayacağımızı başa düşürük. Amma onlar da bizim kimi insandırlar”.
De Byazi son günlərin müzakirə mövzusu olan “Neftçi”nin müdafiəçisi Höccət Haqverdinin milliyə çağırılmasına belə münasibət bildirib: “O, həmişə bu komandanın üzvü olub. Başa düşürəm ki, bu mövsüm az şans qazanıb. Sizi də anlayıram. Ancaq lazım olsa, Höccətə şans verəcəyik”.
Belçikadan xal alacağınıza özünüz inanırsız?
- Bizdə belə misal var, ümid sonda ölür. Mentalitetim belədir ki, oyundan öncə uduzmuram, mübarizəni sevirəm. Futbolçu kimi də belə olmuşam. Başa düşürük ki, güclü komandaya qarşı oynayacağıq. Onlar da bizim kimi insanlardır, futbolçulardır. Sabah ən yaxşısını etməyə çalışacağıq. Rahat, asan oynamalıyıq ki, futbolçular azarkeşləri və özlərini sevindirsinlər.
Dediz ki, oyundan qabaq uduzmuram, mübarizəni sevirəm. Üç il əvvəl Lüksemburqla görüşdən əvvəl demişdiz ki, məqsədim futbolçuların mentalitetini dəyişməkdir. Üç il keçib, oyunçuların mentalitetini dəyişə bilmisiz?
- Bizim hər bir oyunçumuz tam şəkildə motivasiyalıdır. Sabah ən yaxşısını edəcəklər. Bəli, demişdim ki, günü-gündən inkişaf etməliyik, mübarizə aparmağa hazır olmalıyıq. Bu tək futbolçu üçün yox, başqa sənət sahibləri üçün də belədir. Düzgün məsləhətlər almalıyıq, təcrübələrdən nəticə çıxarmalıyıq.
İtaliya mətbuatına açıqlamanızda bildirmisiz ki, tərcüməçiniz Romelu Lukakunun gəlişinə sevinir. Bəs, sizcə Belçika millisinin heyətində ən təhlükəli oyunçu kimdir?
- Belçika yığması tək Lukakudan ibarət deyil, çox yaxşı oyunçuları var, güclü klublarda oynayırlar. Təbii ki, zarafat idi, təcrüməçim "Roma"ya azarkeşlik edir, amma bu, sabaha aid deyil.
“Dalğa Arena”da keçiriləcək matç saat 17:00-da başlanacaq.