Elmar Baxşıyev: "Boş tribunalar önündə futbol oynanılmaz"
Premyer Liqada ardıcıl 4 turdur qələbə qazana bilməyən "Qəbələ" bu uğursuzluğa "Zirə" ilə görüşdə son qoydu.
mediasport.az xəbər verir ki, 13-cü tur matçının son saniyələrində vurulan gözəl qolla vacib 3 xalı qazanan bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev qarşılaşmanın ağır keçəcəyini gözlədiklərini deyib.
Mütəxəssis azarkeşsiz futbolun olmadığını diqqətə çatdırıb.
- Oyunun ağır keçəcəyini öncədən də bilirdik. "Zirə" yaxşı komandadır. Planda nə var idisə, futbolçular onu meydanda göstərməyə çalışırdılar. İlk dəqiqədən sonra kimi tonusda oldular, oyundan qopmadılar. Komandamı təbrik edirəm. Bu oyunu daha da gözəl etmək olardı. Azarkeşsiz futbol olmur. Bu qələbəni "Red Black Army"a həsr edirik. Stadionda olmasalar da, yanımızdadırlar.
Ülvinin vurduğu qolu necə şərh edərdiz?
- Ülvidən həmişə qeyri-adi nəsə gözləmək olar. Bunu dəfələrlə göstərib. Ülvi çempionatda qeyri-adi hücumçulardan biridir. Hər an oyunun taleyini həll edə biləcək futbolçudur. Üzərinə nə düşürdüsə, onu edib komandaya qələbə qazandırdı.
Asif Məmmədovun oynamamağının səbəbi nə idi?
- Asiflə Rafael Utziqin mikro-zədəsi olduğundan ehtiyat etdik.
4 oyunluq qələbəsizlik seriyasını qıra bildiz, bu, "Neftçi" ilə oyundan öncə komandaya necə motivasiya verəcək?
- Hamı bizim məğlubiyyəti bir cür müzakirə edir. Biz komandanın içindəyik, heç bir sıxıntımız yoxdur. Komanda olaraq möhkəmik. Əlbəttə, oyun oyundan fərqlidir. Son matçda məğlub olduq. Amma komandaya heç bir irad bildirə bilmərik. Sona kimi vuruşdular. Çalışacağıq ki, avrokubok zonasından qopmayaq. Komandanın xarakteri var, sona kimi mübarizədə olacağıq.
Oyunun keyfiyyətindən razı qaldız?
- Futbolçuları da başa düşmək lazımdır. Boş tribunalar önündə futbol oynanılmaz. Daha çox məşq oyununa oxşayırdı. Futbola rəng qatan azarkeşdir. Azarkeşləri qırıb atmaq futbolun gözəlliyini kənara qoyur.
Ardıcıl iki səfər oyununuz var. Heyətin kasad olması hansı çətinliklər yaradır?
- Çempionatın hər oyunu ağırdır. "Şamaxı"ya, "Kəpəz"ə qarşı oynayanda da bunu hiss etdik. Səfər, ev fərqi yoxdur. Bakıda məşq edirik. Bizim üçün səfər olmamalıdır.
Ülvinin "artırması" üçün sanki nəsə çatmır. Onun inkişafına nə mane olur?
- Ülvi çox dəyişməlidir. Xarakter olaraq daha da bərk olmalıdır ki, uğura yaxın olsun. Amma Ülvidə olan bəzi komponentlər çox futbolçuda yoxdur.