"Erməni idmançı ilə qarşılaşmaya psixoloji cəhətdən hazırlamışdım"
Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında medal sayına görə rekorda imza atmış milli komandanın 22 yaşadək boksçuları Vətənə dönüblər.
Mediasport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandamızı idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Turnirdə Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.
"Erməni idmançı ilə qarşılaşmadan əvvəl özümü psixoloji cəhətdən bu görüşə hazırlamışdım. Bu səbəbdən də ona asanlıqla qalib gəldim" - bunu ikiqat Avropa çempionu Nicat Hüseynov deyib.
Finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub edən 19 yaşlı boksçumuz həlledici duelə rahat çıxdığını bildirib: "Püşkdən sonra yarımqruplara baxanda finalda erməni idmançı ilə qarşılaşacağımı təxmin edirdim. Dörd döyüş keçirdim. Amma R.Qarboyan ilə görüşə çox rahat çıxdım. Rinqə çıxanda yalnız qələbə qazanmağı düşünürdüm. Sevinirəm ki, buna nail oldum".
“Avropa çempionatına komanda olaraq çox ciddi hazırlaşmışdıq. Boksçularımız ümidləri doğrultdular” - bu fikirlər isə Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayevə məxsusdur.
Mütəxəssis Nicat Hüseynovun final döyüşü çox gərgin keçib:
“Amma biz onun qələbə qazanacağına əmin idik. Çünki, boksçularımız da çox əziyyət çəkmişdilər, hər birinin çıxışından razı qaldım. Tural Sarıyevin rusiyalı boksçu ilə görüşündə də bəzi haqsızlıqlar yaşandı. Əks təqdirdə, o da qızıl medalın sahibi olacaqdı. Ümid edirəm ki, gələcəkdə nailiyyətlərimizin sayı daha da artar".
Qeyd edək ki, komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə 5 medal isə qitə çempionatında yeni rekorddur.