Əsgər Abdullayev bu futbolçular üçün Qurban Qurbanovdan "OK" aldı
Futbol üzrə 1-ci Liqada yeni mövsüm iddialı olmağı planlaşdıran "İmişli" heyətini gücləndirib.
MediaSport.az saytına daxil olan məlumata görə, bölgə təmsilçisinin yeni baş məşqçisi Əsgər Abdullayev "Qarabağ"ın əvəzedici komandasından 4 futbolçu götürüb.
Təcrübəli mütəxəssis bunun üçün Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanovun razılığını alıb.
"Köhlən atlılar"ın əvəzedici komandasının 4 üzvü - Ayhan Arazlı, Mehdi Tahirov, Hüseyn Əliyev və Seyxan Fərəcov yeni mövsümü İmişli təmsilçisinin heyətində keçirəcək.
Abdullayevin komandası "Qarabağ"ın daha bir futbolçusu - qapıçı Məmməd Hüseynovu da komandasına aparmaq istəyib, lakin gənc qolkiper üstünlüyü Premyer Liqa klubu "Zirə"yə verib.
Qeyd edək ki, bu futbolçular tez-tez əsas komandaya cəlb edilirdi, xüsusən qapıçı Ayhan Arazlı qış hazırlıq dönəmini "Qarabağ"la birlikdə Türkiyədə keçirmişdi.