"Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşdi
İyunun 7-dən 11-dək təşkil ediləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının iştirakçıları müəyyənləşib.
mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq veloturda dünyanın 16 ölkəsindən 18 komandanın tərkibində 100-dən çox idmançı şose velosipedinin qrup ötüşməsi növü üzrə mübarizə aparacaqlar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyənin “Sakarya BB Pro Team”, Niderlandın “Universe Cycling Team”, Qazaxıstanın “Vino SKO Team” və “Almaty Astana Motors”, Almaniyanın “Team Storck - Metropol Cycling” və “Saris Rouvy Sauerland Team”, Monqolustanın “Ferei Mongolia Team”, Misirin “Suez Canal Discovery”, Filippinin “NSJBI Victoria Sports Cycling Team”, Belçikanın “Bataia Brigade”, Çinin “China Glory Cycling Team”, İsveçrənin “CLN Guerciotti Pro Cycling Team”, İtaliyanın “Team Technipes Inemiliaromagna” və Ruandanın “May Stars Cycling” klubları iştirak edəcəklər.
Yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2, ertəsi gün Qəbələdən Gəncə şəhərinin mərkəzinədək 170, ayın 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinədək 134,9 kilometr məsafədə yarışacaqlar.
Nüfuzlu yarışın nəticələrinə əsasən, velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.