Güləşçilərimiz Dünya Seriyasında 1 qızıl, 2 gümüş medal qazanıblar

Güləşçilərimiz Dünya Seriyasında 1 qızıl, 2 gümüş medal qazanıblar

Çimərlik güləşi üzrə Azərbaycan millisinin üzvləri Rumıniyanın Konstansa şəhərində keçirilən Dünya Seriyasının dördüncü mərhələsində 1 qızıl, 2 gümüş medal qazanıblar.

Mediasport.az xəbər verir ki, yarışda ölkəmizi Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil ediblər.

Güləşçilərimiz qrup mərhələsini uğurla adlayaraq yarımfinala yüksəliblər.

Həsənov yarımfinalda Valentin Seymetslə gərgin keçən görüşdən qalib ayrılıb – 3:2. O, finalda ukraynalı Aleksey Boruta 0:3 hesabıyla məğlub olaraq, gümüş medalla kifayətlənib.

Yusubov final yolunda amerikalı Tayson Beauperthuya heç bir şans verməyib – 3:0. İbrahim həlledici görüşdə ukraynalı Aleksey Yakovçuka tam üstünlüklə (3:0) qalib gələrək, qızıl medal qazanıb.

Nəzəriani prinsipial görüşdə gürcüstanlı Mamuka Kordzayanı üstələyib – 1:0. Türkiyəli Fatih Yaşarlıyla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə qələbəni əldən verən Azərbaycan təmsilçisi 2:3 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

Qeyd edək ki, Dünya Seriyasının final mərhələsi oktyabrın 14-15-də Türkiyənin Muğla şəhərində keçiriləcək.