Cüdoçularımızın FİASKOsu davam edir: Heydərov da medalsız qaldı
Azərbaycan cüdoçusu Hidayət Heydərov da Qətərin paytaxtı Dohada keçirilən Dünya çempionatında medal qazana bilməyib.
mediasport.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən ikiqat Avropa çempionu yarımfinala qədər irəliləsə də, bundan artığına gücü çatmayıb.
Heydərov 1/16 finalda Adil Osmanov (Moldova), 1/8 finalda Cek Yonezuka (ABŞ) və 1/4 finalda Artur Margelidondan (Kanada) üstün olub. İkiqat Avropa çempionumuz yarımfinalda italiyalı Manuel Lombardoya uduzub. Bürünc medal uğrunda görüşdə yapon rəqibi Soişi Haşimoto ilə bacarmayan Heydərov karyerasında 4-cü dəfə Dünya üçüncüsü olmaq şansını əldən verib.
Daha əvvəl oğlanlarda Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qızlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Yarış mayın 14-də yekunlaşacaq.
81 kq-da yarışan Səid Mollayi mübarizəyə sabah qoşulacaq.