Dünya çempionatı: İdmançılarımız Peruda mübarizəyə başlayırlar

 Dünya çempionatı: İdmançılarımız Peruda mübarizəyə başlayırlar

Azərbaycan atıcıları Perunun paytaxtı Lima şəhərində keçiriləcək ISSF gənclər arasında Dünya çempionatında iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, bu gün start götürəcək mundialda 51 ölkədən 566 idmançı medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan yarışlarda 7 idmançı ilə təmsil olunacaq.

Milli komandamızın üzvləri Leyli Əliyeva, Vladislav Kalmıkov, Hacı Musayev, Zeynəb Sultanova, Sofiya Barxalova və İmran Qarayev 10 metr məsafəyə pnevmatik tapançadan, 25 və 50 metr məsafəyə kiçik çaplı tapançadan atəş yarışlarında öz güclərini sınayacaqlar.

Nigar Ramazanova isə 10 metr məsafəyə pnevmatik tüfəngdən, 50 metr məsafəyə üç vəziyyətdə tüfəng ilə atəş, həmçinin 50 metr məsafəyə uzanaraq tüfəngdən atəş açma yarışlarında gücünü yoxlayacaq.

Qarışıq komanda yarışlarında Leyli Əliyeva və Vladislav Kalmıkov, Hacı Musayev və Zeynəb Sultanova 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə mübarizədə qüvvələrini sınayacaqlar.

DÇ sentyabrın 26-da başa çatacaq.