"İflic keçirəndə fikirləşirdim ki, artıq həyatım bitib" - MÜSAHİBƏ

"İflic keçirəndə fikirləşirdim ki, artıq həyatım bitib" - MÜSAHİBƏ

Mediasport.az “Paris-2024” Yay Paralimpiya Oyunlarının qalibi, dünya və ikiqat Avropa çempionu olmuş Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun "Azərtac"a müsahibəsini təqdim edir.


Taekvondo ilə məşğul olmağa nə vaxt başlamısınız? Sizi bu idman növünə istiqamətləndirən başlıca səbəb nə olub?

- 2006-cı ildən taekvondo ilə məşğul olmağa başlamışam. İdmana gəlməyimin səbəbi məktəbdə əlimə görə kompleksə düşməyim idi. Evdəkilər dedilər ki, nə iləsə məşğul ol və komplekslərindən uzaqlaş. Beləcə idmana başladım. Mənim qardaşım da taekvondo ilə məşğul olurdu. O, məni bu idman növünə daha da həvəsləndirirdi.

Qardaşınız taekvondo ilə peşəkar səviyyədə məşğul olurdu?

- Bəli. Sonra hərbi xidmətə yollananda idmana fasilə verməli oldu. Əsgərlikdən qayıtdıqdan sonra isə karyerasına son qoydu. Mən həm də onun yarım qoyduğu işi davam etdirirəm.

Taekvondo sizin üçün hansı mənanı ifadə edir? Yəqin ki, taekvondonun sizə qazandırdığı təkcə idman nailiyyətləri deyil…

- Taekvondo ilə məşğul olmasaydım, ömrümün axırına kimi komplekslərimlə yaşayacaqdım. Əvvəllər məktəbdə keçirilən idman dərslərində çox sıxılır və çəkinirdim. Amma idman məndə özünəinam yaratdı. Parataekvondonun həyatıma qatdığı ən gözəl şey də məhz bu olub.

Karyeranızla bağlı maraqlı statistika var. Ardıcıl 7 il yarışlarda həlledici məqamlarda məğlub olmusunuz. Məğlubiyyət həm də ruh düşkünlüyünə səbəb olur. Amma siz hər dəfə yenidən ayağa qalxıb yola davam etmisiniz. Sonra nə baş verdi ki, ardıcıl 7 il medalın 1 addımlığında uduzan idmançı dünyada bütün böyük titulları qazandı?

- Təqribən 10 il öncə üz siniri iflici keçirdim. Bu səbəbdən idmana fasilə verdim. Çünki sifətimin yarısı iflic vəziyyətində idi. Amma 2 ildən sonra idmana qaldığım yerdən davam etdim. Həmin ərəfədə çoxları mənə toparlana bilməyəcəyimi deyirdi. Buna baxmayaraq, yarışlara qatılırdım. Turnirlərdə 1/4 finala kimi irəliləyə bilirdim. Lakin medalın 1-2 addımlığında məğlub olurdum. Baş məşqçimiz mənə narahat olmamağı, bu tilsimin gec-tez qırılacağını deyirdi. Həm də o dövrlərdə tez-tez çəki atırdım. Bu səbəbdən yarışlarda istədiyim nəticəni göstərə bilmir, rəqiblərimə uduzurdum. Düşünürdüm ki, fiziki məhdudiyyətli uşaq kimi idmandan başqa bir işə yönəlsəm, alacağım məvacib elə də yüksək olmayacaq. Bu da təbii ki, məni qane etmirdi.

İkiillik fasilədən sonra yenidən idmana qayıtmağa necə qərar verdiniz? Bu yolda ən böyük dəstəkçiniz kim oldu?

- Mənə ən böyük dəstəyi ailəm və dostlarım verdi. İflic keçirəndən sonra fikirləşirdim ki, artıq həyatım bitdi. İdmandan öncə modellik edirdim. O da əldən getdi. Amma ailə üzvlərim və dostlarım mənə deyirdi ki, sən idmanda qabağa gedəcəksən. Bütün məğlubiyyətlərim 1-2 xal fərqlə olurdu. Yaxınlarım mənə güvəndiklərini həmişə hiss etdiriblər. 2021-ci ildə Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı keçirilirdi. Orada qızıl medala yiyələndim. Elə məhz o turnirdən sonra qatıldığım hər yarışda yer tutmağa başladım.

Müsahibələrinizin birində demisiniz ki, qolunuzdakı qüsura görə bir müddət protezdən istifadə etmisiniz…

- Mən hətta Paralimpiya çempionu olanda belə, protezdən istifadə edirdim. Bunun əsas səbəbi öz kompleksimlə əlaqəli idi. Amma digər tərəfdən, balaca uşaqların qolumu görüb qorxmaları məni narahat edirdi. Paralimpiya çempionu olduqdan sonra isə hamı məni belə tanıdı. Fikirləşdim ki, protez taxsam, bu, insanların daha çox diqqətini cəlb edəcək. Bununla da protezdən imtina etmək qərarına gəldim.

Ötən yay Parisdə keçirilmiş Olimpiya Oyunlarında qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxdınız. Çempionluğunuz rəsmiləşdiyi an hansı hissləri keçirdiniz?

- Açığı, mən oraya dünya və Avropa çempionu olmuş bayraqdar kimi getmişdim. Hamı məndən qızıl medal gözləyirdi. Üzərimdə böyük məsuliyyət var idi. Hətta sizə bununla bağlı maraqlı hadisə danışmaq istərdim. Deməli, final görüşünə çıxmağa hazırlaşırdım. Özümü qarşılaşmaya tam fokuslamışdım. Həmin an mənə zəng gəldi ki, evinizdə çəkiliş olacaq. Bu həyəcanımı daha da artırdı. Ardınca başqa bir zəng gəldi. Azərbaycan Taekvondo Federasiyası və Milli Paralimpiya Komitəsinin rəhbərliyinin mənim döyüşümü izləyəcəyini söylədilər. Bunu eşidəndən sonra həyəcanım beşqat artdı. Həmin vaxt stressdən özümü itirmişdim. Düşündüm ki, evimizdə canlı yayım gedir və mən məğlub olsam, bu, ağıllarda pis xatirə kimi qalacaq. Ailə üzvlərimin məni kameralar önündə məğlub görmələrini istəmədim. Motivasiyam tamamilə düşmüşdü. Paralimpiya Oyunları ilə bağlı heç vaxt unuda bilməyəcəyim və maraqlı hadisə bu olmuşdu. Final görüşünün bitməsinə 1 dəqiqə yarım qalmış qalib gələcəyimi bilirdim. Doğrudan da çox əla hisslər idi. Sonda isə diz çöküb yerdə oturdum. İnsan həmin anda fikirləşir ki, ortada 18 illik əziyyət var. Sevinirdim ki, zəhmətimin bəhrəsini axır ki, gördüm.

Məşhur honkonqlu aktyor Ceki Çan Paralimpiya Oyunlarının açılış mərasimində və komanda yoldaşınız Sabir Zeynalovun mükafatlandırmasında iştirak etmişdi. Onu görmək və söhbət etmək imkanınız oldumu?

- Xeyr, təəssüf ki, olmadı. Bu fürsətdən aramızdan yalnız Sabir yararlandı. Ceki Çanla söhbət etdi, hətta onların birgə şəkilləri də var. Mən ertəsi gün yarışacaqdım deyə istirahət etməli idim. Ona görə də məşhur ulduzu görə bilmədim.

Paralimpiya çempionu olmağınız münasibətilə Gəncə və Bakıda sizi sevən və dəstəkləyən insanlar Azərbaycan və Türkiyə bayraqları ilə yürüş etmişdilər. Bu barədə nə deyə bilərsiniz?

- Bu zaman mən Parisdə idim. Hələ Vətənə qayıtmamışdım. Həqiqətən elə hisslər var ki, onları sözlərlə ifadə etmək olmur. Həmin an inanılmaz qürur hissi keçirmişdim və nə yaşadığımı tam dərk edə bilmirdim.

Dünya, Avropa və Paralimpiya çempionu olmaqla, bir idmançının əldə edə biləcəyi bütün böyük uğurlara nail olmusunuz. Özünüzü növbəti yarışlara necə motivasiya edirsiniz?

- Son iki ildir dünya reytinqində ilk pillədəyəm. Artıq bir çox insan məni öz kumiri kimi görür. Bundan sonra onların məni məğlub görməyini istəmirəm. Hazırda tək motivasiya mənbəyim budur. Yəni, qarşıma hədəf qoymuram ki, mən yüz faiz yenidən dünya çempionu olacağam. Sadəcə bilirəm ki, məni sevənlər məndən motivasiya alırlar. Əgər uduzsam, onların həvəsi yerlə yeksan olacaq.

Bilirik ki, hədəfiniz növbəti dəfə paralimpiya çempionu olmaqdır. Zirvədə qalmaq oraya qalxmaqdan daha çətindir. Sizcə, bunu bacara biləcəksiniz?

- Özümə inanıram. Komanda yoldaşlarım da mənə güvənirlər. Çalışacağam ki, növbəti 4 ildə də reytinq cədvəlinə başçılıq edim. İdmanla zirvədə vidalaşmaq istəyirəm.

Qazandığınız uğurları kimə və ya nəyə borclusunuz?

- İlk növbədə ailəmə və baş məşqçimiz Fərid Tağızadəyə borcluyam. Ardıcıl 7 il uduzanda idman sahəsində mənə məşqçimdən başqa heç kim inanmırdı. O, məndə özünəinam hissi yaratdı. Hətta deyə bilərəm ki, qazandığım uğurların 40 faizi mənə aiddirsə, 60 faizi baş məşqçimizin zəhmətidir.

Karyeranızda üzləşdiyiniz ən çətin an hansı olub?

- Yəqin ki, ən çətini ardıcıl 7 il bütün yarışlardan medalsız ayrılmağım idi. Hər yarışda məğlub olurdum. 2022-ci ildə keçirilmiş Avropa çempionatının finalında qızıl xalla uduzmağım isə mənim üçün əsl travma oldu. Həmin an nə olduğunu anlamadım. Çünki hər şey bir anda baş verdi. Rəqibimə zərbə endirəndə qalib gəldiyimi düşünürdüm. Qələbə sevinci edəcəkdim ki, tabloya baxanda gerçəklərin fərqinə vardım.

Yəqin ki, idmanda və ya kənarda başınıza gələn maraqlı hadisələr olub...

- İki maraqlı hadisə danışa bilərəm. Meksikada dünya çempionu olmuşdum. Bizə orada oğurluğun geniş yayıldığını demişdilər. Mən də fikirləşdim ki, idmançıyam, başıma heç nə gələ bilməz. Deməli, məşqçimiz marketə girdiyi üçün pencəyini mənə tapşırmışdı. Pencək əlimdə idi. Yolu keçirdim ki, bir anlıq kiminsə pencəyi götürüb qaçdığını gördüm. Sonra çempion olduğum ağlıma gəldi. Düşündüm ki, məşqçi, yəqin ki, məni buna görə danlamaz. Əgər uduzsaydım, qaçıb gizlənərdim (gülür). İkinci hadisə isə yarış zamanı baş verib. Görüşün bitməsinə 2 dəqiqə qalmışdı. Artıq uduzmaq üzrə idim. Amma bir fənd işlətdim və rəqibi 10 xalla qabaqladım. Qəribəsi odur ki, bundan xəbərim olmayıb. Döyüşün sonları idi. Mən isə tabloya baxmırdım. Bir də gördüm ki, hamı məni dəstəkləyir, alqışlayır. Həmin an komanda yoldaşım Sabirlə göz-gözə gəldik. O mənə hesabda öndə olduğunu və boşuna enerji sərf etdiyimi dedi. Beləliklə bu da mənim üçün ən yaddaqalan hadisələrdən birinə çevrildi.

Pərəstişkarı olduğunuz idmançı varmı?

- Dünyada Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun fanatıyam. Ölkəmizdə isə veteran taekvondoçu Niyaməddin Paşayevi bəyənirəm.

Uşaqlıqdan “Kəpəz” futbol klubunun azarkeşisiniz. Komandanın oyunlarını mütəmadi olaraq izləyirsiniz? Ümumiyyətlə, doğma komandanızın hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Məşqlərə görə oyunlara mütəmadi olaraq getməyə vaxtım olmur. Amma zaman tapdıqca izləyirəm. Komandanın hazırkı vəziyyəti ürəkaçan deyil. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Amma mən “Kəpəz”in aşağı liqaya düşməyəcəyinə inanıram.

Hətta “Kəpəz”in taleyini öz karyeranıza bənzətmisiniz…

- “Kəpəz” son oyunlarda məğlub olmasına baxmayaraq, “Neftçi” kimi köklü kluba qalib gəlmişdi. Ona görə Gəncədə futbolçularla görüşəndə klubun taleyinin öz karyerama bənzədiyimi dedim. Çünki mən də illərlə heç bir yarışda yaxşı nəticə göstərə bilmədim, amma sonra bir qələbə ilə uğurların davamını gətirdim. Futbolçulara dedim ki, siz də bunu bacaracaq, ard-arda qələbələr qazanacaqsınız. Bu söhbətimizdən sonra “Kəpəz” turnir cədvəlində son pillədən 9-cu sıraya yüksəldi (gülür).

Ümumiyyətlə, futbol oynamaqla aranız necədir? Sevdiyiniz komanda və ya xüsusi futbolçu varmı?

- Futbol oynamağı çox xoşlayıram. Deyərdim ki, parataekvondoçu olmasaydım, futbolçu olardım. Hətta məşqçimizlə aramızda bununla bağlı zarafat da var. Müəllimlə elə razılaşmışıq ki, həftədə 6 günlük məşqimizin yalnız bir günü beynimiz dincəlsin deyə futbol oynayırıq. Yığmada mənim kimi futbolu sevən uşaqlar var. Onlarla bir günümüzü futbola ayırırıq. Sevimli komandama gəlincə isə “Kəpəz”dən əlavə, azarkeşi olduğum digər klub “Fənərbağça”dır. Türkiyəyə hər gedəndə bu komandanın stadionunu ziyarət edirdim.

“Fənərbağça” və “Kəpəz”in tarixində ən bəyəndiyiniz futbolçular kimlərdir?

- “Fənərbağça” azarkeşlərinin böyük bir qismi bu suala Aleks de Souza cavabını verər. Amma mən qapıçı Volkan Demirəli daha çox bəyənirəm. Onun derbilərdə tribunadakı rəqib azarkeşləri qıcıqlandırması çox xoşuma gəlirdi. Gəncə təmsilçisində isə braziliyalı Dario Federikonun heyranı idim. Hətta o, komandanın heyətində olduğu müddətdə “Kəpəz” Avropa Liqasına vəsiqə qazanmışdı.

Ötən ay karyeranızda ilk dəfə uşaq və yeniyetmə parataekvondoçulara ustad dərsləri keçdiniz. Onların arasında sizin davamçınız ola biləcək potensiallı idmançılar gördünüzmü?

- Oradakı uşaqların çoxu mənim davamçım ola bilər. Onlar uşaq yaşda bizim qəlbimizin çempionlarıdır. Bu yaşda neçə-neçə böyük insanlara, hətta bütün Azərbaycan xalqına örnəkdirlər. Elə yetkin insanlar var ki, özlərini əziyyətə verməkdən çəkinirlər. Amma bu uşaqlar indidən əziyyət çəkməyə başlayıblar.

Bir neçə gün öncə Dünya Taekvondo Federasiyası (WTF) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görüldünüz. Bununla bağlı da təəssüratlarınızı bilmək istərdik…

- Bu karyeramın pik nöqtəsidir. Əslində WTF məni qala gecəsinə dəvət edəndə seçiləcəyimi gözləyirdim. Çünki ili yüzfaizlik nəticələrlə başa vurdum. Şükürlər olsun ki, bu ada layiq görüldüm. Bütün çəkilərdə ən yaxşısı olmaq çox möhtəşəm hissdir.

Növbəti il üçün qarşınıza hansı hədəfləri qoymusunuz?

- Gələn il bizi dünya və Avropa çempionatları gözləyir. Ən böyük hədəfim bu seriyanı təkrarlamaqdır. Mən qarşıma bu yarışlarda qızıl medal qazanacağımla bağlı məqsəd qoymamışam. Sadəcə, məğlub olmaq istəmirəm. Dediyim kimi, məni kumiri kimi görən uşaqlar üçün çalışacaq, yaxşı nəticə üçün əlimdən gələni edəcəyəm.