Millət Vəkilindən lotereyalar haqda: "Poz-qazan" əxlaqımıza, mənəviyyatımıza toxunur"
“Mənəviyyatla, eyni zamanda qumarla, lotereyalarla bağlı məsələlərə verdiyim şərhlərə görə bir sıra vəzifəli, imkanlı şəxsləri özümə düşmən etmişəm. Heç vaxt həyatım boyu lotereya almamışam".
mediasport.az xəbər verir ki, bu sözləri pravda.az saytına açıqlamasında Millət Vəkili Tahir Kərimli deyib.
Parlamentari bəxtinə heç vaxt güvənmədiyini bildirib: "Çalışmışam ki, hər şeyi zəhmətimlə, halallıqla əldə edim. Ümumiyyətlə, qumarı tüfeyli həyat tərzi hesab edirəm. Dövlətin rəsmi şəkildə qumarı leqallaşdırması, adına nə qoyur-qoysun - “Poz-qazan”, nə bilim, lotereya - buna nifrət edirəm. Bu, bütün dünyada var. Dövlət belə şeylərdən pul qazanmalı deyil. Hamıya bəllidir ki, “Poz-qazan”, yaxud bu kimi qumar xarakterli lotereyaların satışından təkcə dövlət qazanmır. Bunu satanlar dolaşıq, fırıldaq yolu ilə milyonlar, milyardlar qazanır, ciblərini doldururlar. Yazıq camaat da dolana bilmir, əlinə düşəni verib, lotereya alır ki, bəlkə bəxti gətirə, nəsə udar…”
Tahir Kərimli son zamanlar “Poz-qazan” lotereyaları ilə bağlı artan şikayətlər barəsində də danışıb. Deputat bildirib ki, bu cür lotereyalarla camaatın başını qatırlar: “Camaatı vətənpərvərlikdən, insanlıqdan uzaq salırlar. İnsanlar var ki, evinin əşyalarını satır, müflis olur. Yəni, buna çox pis baxıram. Əlimdə ixtiyar olsaydı, hökmən “Poz-qazan” kimi qumar xarakterli lotereyaların satışını, ümumiyyətlə, əxlaqımıza, mənəviyyatımıza toxunan, gələcəyimizi məhv edən, gələcək nəsillərə mənfi təsir edən nə varsa, hamısını qadağan edərdim. Axı belə şey olmaz. Bu, nə deməkdir? Millətin başını qatırlar. Camaatı dolandırmaq, belə şeydən yayındırmaq əvəzinə, başlarını aldadırlar…”