Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayırlar - DÇ-2023

Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayırlar - DÇ-2023

Azərbaycanın yunan-Roma güləşçiləri bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə start verəcəklər

Mediasport.az xəbər verir ki, ilk yarış günündə 4 təmsilçimiz döşək üzərinə çıxacaq.

55 kq çəki dərəcəsində yarışacaq Eldəniz Əzizli 1/8 finalda yaponiyalı Tayq Onuşi ilə qarşılaşacaq.

77 kq-da Sənan Süleymanov təsnifatda Finlandiya təmsilçisi Conni Sarkkinenlə üz-üzə gələcək.

82 kq-da Rafiq Hüseynovun 1/8 finalda rəqibi Erik Şilvassi (Macarıstan)/ Bojo Starçeviç (Serbiya) cütünün qalibi olacaq.

130 kq-da güləşəcək Beka Kandelaki isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-dək davam edəcək.

Daha əvvəl 16 sərbəst və qadın güləşçilərimiz ümumilikdə 2 medal, 1 lisenziya qazanıblar.

97 kq-da Maqomedxan Maqomedov dünya ikincisi olmaqla, Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. Lisenziya çəkisi olmayan 92 kq-da isə Osman Nurmaqomedov gümüş medala layiq görülüb.