Naxçıvanda Zəfər Gününə həsr olunan kros qaçışı keçirilib

Naxçıvanda Zəfər Gününə həsr olunan kros qaçışı keçirilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan kros qaçışı keçirilib.

Nazirlikdən Mediasport.az saytına verilən məlumata görə, Əziz Əliyev küçəsindən başlayaraq Zəfər Parkına qədər 5500 metrlik məsafəni əhatə edən kütləvi idman yarışına ictimaiyyət nümayəndələri, tələbələr, kursantlar, idmançılar və şəhər sakinləri olmaqla ümumilikdə 500-dən çox insan qatılıb.

Rəmzi olaraq ilk 8 yerin sahibləri diplom, medal, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Mükafatları Səlahiyyətli Nümayəndəliyin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı, gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov təqdim ediblər.

Tədbirə fəxri qonaq qismində dəvət olunan Vətən müharibəsi iştirakçıları və şəhid övladlarına hədiyyələr təqdim edilib.

Zəfər Günü münasibətilə hər kəsi təbrik edən şəhid Sahil Məmmədovun qızı Şəms atasının timsalında bütün Azərbaycan hərbçiləri ilə fəxr etdiyini deyib, günə özəl səsləndirdiyi şeir parçası ilə iştirakçılara duyğulu anlar yaşadıb.

Qeyd edək ki, oğlanlar arasında Əmrah Nağıyev, qızlarda isə Aysu Abbasova qalib olublar. Namiq Babayev, Cəlal Quliyev, Sevinc Əliyeva və Nilufər Quliyeva müvafiq ardıcıllıqla ilk "üçlüy"ü tamamlayıblar.