"Neftçi"ni 11:0 hesabı ilə məğlub edib Azərbaycan çempionu oldular
AFFA U-17 Qızlar Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Binə stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.
İlk olaraq bürünc mükafat uğrunda matçda “Dinamo” (Balakən) üzərində 4:0 hesablı qələbə qazanan “Balxurma” kollektivi yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Sabah” “Neftçi”ni 11:0 hesabı ilə məğlub edərək ilk dəfə iştirak etdiyi yarışda çempion olub.
Oyundan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub.
“Balxurma”nın futbolçusu Naidə Məmmədova mövsümün ən yaxşı oyunçusu, “Baku Sporting”in üzvü Nərgiz Ağaliyeva ən yaxşı qapıçısı seçilib.
Mövsüm ərzində 63 qol vuran “Sabah”ın oyunçusu Xanım Əsədova isə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.
Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Fərrux İsmayılov, 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev və 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.