“Neftçi”nin durumu ürəkaçan deyil, hamı kədərlidir” - Səməd Qurbanov

“Neftçi”nin durumu ürəkaçan deyil, hamı kədərlidir” - Səməd Qurbanov

“Neftçi”nin hazırkı durumu ürəkaçan deyil. Hamı kədərlidir”.

Mediasport.az xəbər verir ki, bunu "İdman.biz"ə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov deyib.

O, vaxtı ilə Müşahidə Şurasında yer aldığı “Neftçi”nin hazırkı durumunu şərh edib. Qurbanov bildirib ki, “ağ-qaralar”ın tezliklə toparlanacağına inanır:

"Neftçi" daima dillərdə əzbər olub. Hər zaman onu yuxarı səviyyələrdə görmüşük. Tək mən yox, bütün azarkeşlər kədərlənirik. Futbolçuların motivasiyası çox aşağıdır. İnanıram ki, gələcəkdə bu durumla bağlı tədbir görüləcək. "Neftçi"nin adını qaytaracağına da ümidliyəm”.

AFFA-nın İcraiyyə Komitəsinin üzvünün sözlərinə görə, yaşanan bu durum "Neftçi"nin toparlanmasına mane olub və komanda bu səbəbdən də mövsümü adına yaraşmayan pillədə bitirib:

“Son oyunda da çox zəif çıxış etdilər. "Sabah"la heç-heçəyə oynayırdı. Lakin kim bunun üçün mübarizə aparırsa, həmişə də uduzur. Çünki ən azından bir qol vurmalısan ki, təhlükə səndən sovuşsun. Matçın bitməsinə 2 dəqiqə qalmış “Neftçi”ni cəzalandırdılar. Yəni, vurmayanın qapısına vurarlar. Futboldur və bu qayda həmişə işləyir”.

Qeyd edək ki, “Neftçi” 2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasını 56 xalla 5-ci pillədə bitirərək, avrokubokda oynamaq hüququndan məhrum olub.

Bundan sonra baş məşqçisi Miodraq Bojoviç, ardınca baş icraçı direktoru Fərrux Mahmudov istefaya göndərilib.