"Hazırlığa gec başlamağımız bizi müəyyən qədər sıxır" - Azər Bağırov

"Hazırlığa gec başlamağımız bizi müəyyən qədər sıxır" - Azər Bağırov

Yeni mövsümün hazırlığı çərçivəsində növbəti yoxlama oyununu keçirən “Araz-Naxçıvan” “Dalğa Arena”da “Kəpəz”lə qarşılaşıb.

MediaSport.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Naxçıvan komandasının baş məşqçisi Azər Bağırov açıqlama verib.

Gənc mütəxəssis çətinliklərin artıq yavaş-yavaş geridə qaldığını deyib:

“Hazırlığın ikinci həftəsinə başlamışıq. Bugünkü oyun da göstərdi ki, çətinliklərimizin bir hissəsi arxada qaldı. Futbolçular onlardan nə istədiklərimizi az da olsa, başa düşürlər. Heyətimiz də hələ komplektləşməyib. Bu gün 13 futbolçu ilə mübarizə apardıq. Təbii ki, hazırlığa gec başlamağımız bizi müəyyən qədər sıxır. Hər keçən gün irəliyə doğru addım atmış oluruq. Uşaqların fiziki baxımdan formaya düşməsi, məşqçilərin tapşırığını yerinə yetirməsi tədricən yaxşılaşacaq. Komandaya son qoşulan hər iki legioner yaxşı təsir bağışladı. Onları izləyib heyətə dəvət etmişdik. Nuno Rodriges bir aydan çoxdur məşq etməsə də, komandaya daha tez adaptasiya oldu. Vandersona bir qədər vaxt lazım olacaq. Ancaq meydanda varlıqlarını hiss etdirirdilər. Bu isə hər ikisinin komandamıza kömək edəcək gücdə olduğunu göstərdi”.

Qeyd edək ki, Bağırovun komandası ilk yoxlama görüşündə "Turan Tovuz"a 1:5 hesabı ilə məğlub olmuşdu.