"Qarabağ"ın son matçlarda 8 qol vurduğunu nəzərə alsaq, deməli, problem Benzianın özündədir"
"Yassin Benzia artıq dörd həftədir ki, yaxşı formada deyil. O, sonuncu dəfə ölkə çempionatında noyabrın 10-da "Zirə"yə qol vurduğu oyunda fərqlənib".
Mediasport.az xəbər verir ki, bu fikirlər Əlcəzairin “AfricaFootUnited” portalında dərc edilib.
Sayt "Qarabağ"ın 30 yaşlı yarımmüdafiəçisi Yassin Benzianın son həftələrdə zəif çıxış etməsinə toxunub:
"O, Ağdam klubunun əsas üzvlərindən biridir, lakin "Qarabağ"ın bütün yarışlarda keçirdiyi son 4 matçında nə qol vurub, nə də məhsuldar ötürmə ilə yadda qalıb. Komandanın aktivində son görüşlərdə 8 qolun olduğunu nəzərə alsaq, deməli, problem Benzianın özündədir".
Yazıda əlcəzairli vingerin cari mövsüm ikinci dəfədir belə halla qarşılaşdığı qeyd olunub:
"Benzia sentyabrın 26-dan oktyabrın 24-dək, yəni, bütün turnirlərdə ardıcıl altı görüşdə də heç nə edə bilməmişdi. Bu mövsüm 12 Premyer Liqa oyununda 3 qol vurub 3 məhsuldar ötürmə etməsinə baxmayaraq, çətinlik çəkdiyi aşkar görünür".
Həmkarlarımız Benzianın qarşıda yaxşı şansının olduğunu düşünürlər:
"O, sabah UEFA Avropa Liqasının 6-cı turunun "Elfsborq"la səfər görüşündə özünəinamı bərpa edə bilər. Bu, yenidən yüksəlmək üçün bir şansdır".
Xatırladaq ki, 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən Yassin Benzia "köhlən atları"ın heyətində 28 dəfə meydana çıxıb, 12 qol vurub, 9 məhsuldar ötürmə edib.
Onun Ağdam klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.