"Bunu öyrəndikdən sonra qərar qəbul etdim ki, Cəlal getməlidir" - SADIQOV
"Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov müdafiəçi Cəlal Hüseynovun legioner həyatı yaşayacağından danışıb.
Bu haqda MediaSport.az saytına açıqlama verən mütəxəssis Azərbaycan milli komandasının üzvünün Bolqarıstana yollanmasının tərəfdarı olduğunu deyib.
Sadıqov bildirib ki, gənc futbolçularımızın birdən-birə böyük klublarda oynamalı olduğu fikri ilə razı deyil: "Düşünürəm ki, Cəlalın "Arda"ya keçidi ona uğur gətirəcək və oradan daha yaxşı yerlərə gedəcək. Bolqarıstan Cəlal üçün tramplin olacaq. Futbolçularda, klublarda, menecerlərdə belə fikir var ki, mütləq şəkildə ilk addımda ciddi ölkə olmalıdır, belə deyil. Bəzən elə ölkələr olur ki, oraya diqqət daha çoxdur və tramplin rolunu oynayır".
Baş məşqçinin sözlərinə görə, Hüseynovu ötən mövsüm heyətinə qatmaq istəyən klublar çox olub: "Ötən mövsüm Cəlala təkliflər çox idi. “Turan Tovuz” və “Şamaxı” onu istəyirdi. Mənim fikrim "Turan Tovuz"a getməsi idi. Amma Cəlalın özü ilə danışdıq, qərar qəbul etdik ki, özünün ürəyincə olsun. “Şamaxı”nı seçdi. Ümumiyyətlə, pis sezon keçirmədi, oyun praktikası qazandı. Millinin də bir neçə matçında iştirakçı etdi. Onu mən ötən mövsüm də icarəyə vermək istəmirdim. Sadəcə, burada daha çox oynamaq məsələsi var idi. "Arda"dan Cəlal üçün təklif gələndə, ilk növbədə bu komandanın baş məşqçisinin fikirləri ilə maraqlandım. Bunu öyrəndikdən sonra, qərar qəbul etdim ki, Cəlal getməlidir. İstər klub, istər məşqçilər olaraq onun üzərində müəyyən əziyyətlərimiz olub. Sevinirəm ki, mənim zamanımda debüt edən futbolçu Bolqarıstan liqasına transfer oldu, eyni zamanda da A milliyə də cəlb edilir. Məşqçi üçün komandanın verdiyi nəticələr və futbolçu yetişdirməsi önəmlidir".