Gənclər arasında Dünya çempionu: "Şansımı böyük qiymətləndirmirəm"

Gənclər arasında Dünya çempionu: "Şansımı böyük qiymətləndirmirəm"

"Vüqar Həşimov Memorialı" beynəlxalq təqvimdə ən güclü turnirlərdən biridir və xüsusi çəkiyə malikdir. Bu il keçiriləcək yarışa 7 ölkədən elit şahmatçılar qatılacaqlar".

mediasport.az xəbər verir ki, bunu "Vüqar Həşimov Memorialı-2022"də iştirak edəcək gənclər arasında Dünya çempionu Abdulla Qədimbəyli deyib.

20 yaşlı qrossmeyster rəqiblərin yetərincə güclü olduğunu bildirib: "Mükafatçılar sırasında yer almaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Ancaq əmsal baxımından şansımı çox böyük qiymətləndirmirəm. Düşünürəm ki, istədiyim kimi oynasam, uğurlu nəticə qazana bilərəm".

"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.

Turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17-24 dekabr tarixlərində “Fairmont Baku” hotelində baş tutacaq.