"Tarix yazan idmançılar sırasında olmaq arzusundayam" - MUSAYEV
Azərbaycanı MMA-da yüngül çəkidə təmsil edən Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabli ilə keçirəcəyi görüş barədə fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, 34 yaşlı idmançı Dünya Qran-prisinin 1/4 final mərhələsində baş tutacaq döyüş öncəsi iddialı danışaraq MMA-da tarix yazmaq istədiyini deyib.
Musayev tam olaraq Şabli ilə döyüşə kökləndiyini bildirib: "Rəqib haqqında yetərli məlumatım var, ayaq üstə yaxşı döyüşməyi bacarır. Bilirəm ki, əl və ayaq zərbələri qüvvətlidir. Fikrimcə, maraqlı döyüş olacaq. Tarix yazmaq və tarix yazan idmançılar sırasında olmaq arzusundayam".
Mükafat fondu 1 milyon dollar olan görüş martın 11-də ABŞ-ın San-Xose şəhərində baş tutacaq. Musayev MMA-da indiyə qədər 22 döyüşün 18-də qalib gəlibsə, rəqibi 25 döyüşün 22-də rinqi qalib tərk edib.