“Üzərimizdə ötənilki nailiyyətlərə görə daha çox təzyiq var”
Mediasport.az "Gəncə" basketbol klubunun köməkçi məşqçisi Rizvan Səfərovun klubun mətbuat xidmətinə müsahibəsini təqdim edir:
Rizvan müəllim, komandanın çıxışını necə qiymətləndirirsiz?
- Qalib gələ biləcəyimiz oyunlarda məğlub olaraq vəziyyətimizi çətinləşdirmişik. Belə demək olarsa, əziyyətimiz heçə gedib. Buna baxmayaraq komanda toparlanmağı bacarıb. Cəlilabad səfərində əzmkar qələbə qazanaraq dönüş etdik. İndi qarşıda olan ev və səfər görüşlərində uğur qazanmalıyıq ki, fasiləyə kimi xal hesabını artıra bilək. Komandanın yüksək yerlərdə qərarlaşmağa potensialı var. Bundan istifadə etməliyik.
Çempionatın təqvimi də “Gəncə” üçün yaxşı olmadı. Startda komanda iddialı rəqiblərlə düşdü.
- Düz deyirsiz. Çempionatın əvvəlində istənilən sayda yoxlama oyunu keçirə bilmədik. Yeni transferlərin kollektivə uyğunlaşması vaxt apardı. Bilirsiz ki, komanda idman növlərində xətlərarası əlaqənin qurulması üçün müəyyən zaman lazımdı. Tədricən həmin boşluğu aradan qaldırdıq. İnşallah, qələbə seriyasını davam etdirməyə çalışacağıq.
“Gəncə”nin heyəti bu mövsüm yeniləndi. Bunun nə dərəcədə təsiri var?
- Deyim ki, böyük təsiri var. Komandanın heyətindən tək mən qalmışam (gülür). Heyəti yenidən qurmuşuq. Demək olar ki, yeni komanda yaratmışıq. Basketbolda hər şey zəncirvari bir-birinə bağlıdır. Oyunçuların uyğunlaşması, öz oyununu tapması üçün zamana ehtiyac var. Məşqçilərin öhdəsinə düşən iş buna tez bir zamanda nail olmaqdır.
İlk gündən klubun sıralarındasız. Ötən mövsüm komanda Azərbaycan Kubokunun qalibi oldu, çempionatın gümüş mükafatını qazandı. Odur ki, azarkeşlər yenə komandadan uğurlu çıxış gözləyirlər. Nə düşünürsüz?
- Gəncə azarkeşləri tələbkardırlar, həmişə komandadan nəticə gözləyirlər. Ümumiyyətlə, bir yola çıxanda adam qarşısına məqsəd qoyur. Bizim də üzərimizdə ötənilki nailiyyətlərə görə daha çox təzyiq var. Fanatlarımız yenə böyük uğurlar tələb edirlər. İndi turnir cədvəlində aşağılarda olmağımız onlar kimi bizi də narahat edir. Məşqçilər korpusu, oyunçular olaraq çalışırıq ki, üzərimizə düşəni yaxşı formada edək. İndi hədəfimiz pley-offa düşməkdir. Ondan sonra mükafatçılar sırasında yer almaqdır.
Bəzən “Gəncə”nin üstünlüyü onun azarkeşləridir” deyirlər. Demək bununla razısız...
- Əlbəttə, bunu həmişə demişik ki, bizim gücümüz onlardır. Daim uğurlarımızda pay sahibi olublar. Bizi yalnız ev oyunlarında deyil, səfər matçlarında da dəstəkləyirlər. Oyunçular onlardan ruhlanaraq mübarizə aparırlar. Bu mövsüm də elədir. Fanklublar öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlirlər. Sizin vasitənizlə onlara minnətdarlıq edirəm.
Sonda şənbə günü rəqibimiz olacaq “Şəki” komandasına qarşı necə hazırlaşdığınızla maraqlanmaq istərdik. Məşqlər necə gedir?
- Hazırlıq qaydasındadır. Uşaqlar həvəslə məşq edirlər. Cəlilabaddakı qələbə komandaya əlavə motivasiya verib. “Şəki” aşağı sıralarda olmasına baxmayaraq güclü rəqibdir. “Sabah” ilə oyun bunu bir daha göstərdi. Meydana qələbə üçün çıxırlar, uğursuz seriyaya son verməyə çalışırlar. Ona görə bizi çətin oyun gözləyəcək.