Vasili Berezutski ANONS verdi: "Dəyişikliklər az olmayacaq"
"Oyun asan alınmadı. Birinci hissədə daha yaxşı çıxış etdik. İkinci yarıda bir az arxaya oturduq. Yəqin ki, ikinci qolu vurmaq lazım idi. İşləməyə davam edəcəyik ki, daha məzmunlu oyunlar görəsiniz".
Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski deyib.
Rusiyalı mütəxəssis debüt matçında "Səbail" üzərində qələbəni (1:0) şərh edib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Kapitan Elvin Camalovun ehtiyatda qalmasının səbəbi nə idi? Həmçinin, niyə məhz Pavol Şafrankonu kapitan seçmişdiniz?
- Bu, məşqçilərin qərarı idi. Qısa zamanda çox oyunumuz olacaq. Rotasiyalar edəcəyik. Elvin bu gün ikinci hissədə oynadı. Meydana çıxanda da kapitan sarğısını aldı.
Komandanın potensialı haqda fikir formalaşıb sizdə?
- Fikirlərim müsbətdir. Hücum xəttimizin potensialı yüksəkdir. Bəzi komponentlərdə artırmalıyıq ki, yüksək yerlərdə gedən komandalarla rəqabət aparaq.
Maqsud Adıgözəlov Rusiya mətbuatına açıqlamasında demişdi ki, komandanı qısa müddətdə toparlamalı və hədəflərə çatmalıyıq. Sizin qarşınıza əsas olaraq hansı hədəflər qoyulub?
- Avrokuboklara düşmək. Azərbaycana qonaqpərvərliyinə görə təşəkkür edirik.
Kubok yolu ilə, yoxsa çempionat yolu ilə?
- Bizi istənilən yol razı salır. Amma yəqin ki, ən qısa yol kubokdur.
Məşqçilərin qərarı Elvin Camalovun ehtiyatda oturması idi, yoxsa kapitan sarğısını Şafrankoya vermək?
- Bizdə ikinci kapitan Amin Seydiyevdir. Digəri isə Namik Ələsgərov. Bəzi futbolçularda emosional yüksəliş olur. Pavola ona görə vermişdik. Qısa müddətdə çox oyun olacaq. Dəyişikliklər az olmayacaq.
Murad Musayevlə "Sabah" haqda danışmısınız? Azərbaycan futbolu haqda məlumatınız var idi?
- Xeyr, Muradla danışmamışam. O, mesaj yazaraq uğurlar arzuladı. Azərbaycan futbolu haqda bilirəm ki, "Qarabağ" avrokuboklarda oynayır, "Sabah" da oynayıb. Azərbaycan futbolunu Murada görə bilirəm. Onunla brlikdə PRO kateqoriyasını oxumuşuq. O, mənə çox şey deyib. Dediklərindən nəticəyə gəlirəm ki, həqiqətən reallığa uyğundur.
Təklif kimdən gəldi və düşünmək üçün nə qədər vaxt lazım oldu?
- Təklif ani alındı. Təkliflə qərar arasında vaxt az oldu. Mənim üçün "Sabah"ı çalışdırmaq böyük fəxr idi. Ona görə də bundan imtina edə bilməzdim.
"Qarabağ"ı çıxmaq şərtilə hansı klubla maraqlanmısınız?
- Azərbaycan futbolu inkişaf edir. İnfrastuktura çoxlu yatırım edilir. Hamımız birlikdə daha da irəliyə doğru gedəcəyik.