Yığmamızın baş məşqçisi: "Bu dəfə səhvlərə yol vermədik"
“Oktyabrda bizi daha iki çətin oyun gözləyir. Qrup liderliyini davam etdirmək istəyirik”.
Mediasport.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
Gənc mütəxəssis UEFA Millətlər Liqasının C qrupunda Monteneqro yığması üzərində 1:0 hesablı qələbəni şərh edib: “Monteneqro millisi ilə oyunun çətin olacağını bilirdik. Dünya çempionatının seçmə mərhələsində bu rəqiblə qarşılaşmışdıq. Komanda çox güclü futbolçulardan ibarətdir. Oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən sonadək plana uyğun olaraq, oyunu meydanın rəqibə aid hissəsində keçirdik. Bunun nəticəsində 84-cü dəqiqədə qələbə qolunu vura bildik. Düzdür, rəqibin də qol vurmaq imkanları oldu. Ancaq bu dəfə səhvlərə yol vermədik”.
Əsgərov deyib ki, oktyabrda keçirəcəkləri matçlara ciddi hazırlaşacaqlar: “Səfərdə Farer adaları, evdə isə Monteneqro komandası ilə qarşılaşacağıq. Hər iki matçda uğur qazanmaq istəyirik”.