"Yığmanın baş məşqçisi olmaqla bağlı heç bir danışıq aparılmayıb"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turunun "Kəpəz"lə matçından sonra (6:1) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, "köhlən atlar"ın çalışdırıcısı kimi, ardıcıl üçüncü, ümumilikdə isə 11-ci dəfə qızıl medallara yiyələnən təcrübəli çalışdırıcı öncə oyunla bağlı fikirlərini bölüşüb:
"Öncə Adil Şükürova və komandasına uğurlar arzu edirəm. Futbolçularımı təbrik edirəm. Bacardılar. Həqiqətən, belə uğurlar, çempionluq futbolçuları daha da peşəkar edir, məsuliyyətlərini artırır. Çox şadam ki, bu kollektivlə yenidən Azərbaycan çempionu olduq. Rəhbərliyimizi də təbrik edirəm".
Qurbanov cari mövsüm Avropa Liqasında komandasının uğurlu çıxışından söz açıb:
"Bizim işimiz elədir ki, komandanı hər bir uğura hazırlamalıyıq. Mövsüm ərzində daha yaxşı olmaq istəyiriksə, mütləq uğur əldə etməliyik və onu yeniləmək üzərində düşünməliyik. Baxmayaraq ki, bizim kimi ölkələrdə belə uğurlar nadir hallarda olur. 3, 5, 10 il ərzində 1 və ya 2 dəfə olur. Buna böyük klubların nəticələrində şahidlik etmişik. 1 mövsüm Çempionlar Liqasının qalibi olan komanda növbəti illər ona yenidən nail ola bilmir. Futbol elə oyundur ki, dəyişikliklər tez-tez olur. Ölkə çempionatına gəldikdə, nə qədər gücümüz varsa, çox istəyərdik ki, onu daima qoruyub saxlayaq, daha da məsuliyyətli olaq".
Mütəxəssis, "Yığmanın "sükanı arxasına" keçmək ehtimalınız varmı?" sualını belə cavablandırıb:
"AFFA İcraiyyə Komitəsinə namizədliyim verilib. Yığmanın baş məşqçisi olmaqla bağlı heç bir danışıq aparılmayıb. Əvvəllər də bu sual verilmişdi. Hamının bildiyi, eşitdiyi qədər növbəti baş məşqçi legioner olmalıdır. Bəlkə də, razılaşdırılıb. 1 ay əvvələ qədər belə fikir var idi. Bununla bağlı əlavə fikir bildirə bilməyəcəm".
O, növbəti oyunlara tam ciddi və məsuliyyətlə yanaşacaqlarını bildirsə də, bəzi futbolçulara istirahət imkanı yaradacaqlarını deyib:
"Növbəti oyunlara tam ciddi və məsuliyyətlə yanaşacağıq. Sadəcə, bəzi futbolçulara şərait yaradacağıq ki, istirahət etmək imkanları olsun. Xüsusilə də, milli komandaların oyunlarına yollanan oyunçulara. Çünki bu fasilədə digər futbolçulara 5 gün tam istirahət verdik. Onlar üçün faydası çox oldu. Həm də buna ehtiyac var idi. Yığmalara dəvət alan futbolçular isə milli komandaların düşərgələrinə yollandılar. Hətta elə futbolçular var ki, iki oyunun ikisində də oynadılar. Bildiyim qədərilə, mövsüm başa çatdıqdan sonra milli komandanın 1 oyunu olmalıdır. Onlar indi istirahət etməlidirlər ki, yaydan etibarən Çempionlar Liqası turnirinin ilk oyununa qədər komanda hazır formada olsun. Yassin Benzianın zədəsi tam ciddi deyil. Sabahdan komanda ilə məşqlərə başlamalıdır. Həkimlərin dediyinə görə ciddi problem müşahidə edilmədi".
Çalışdırıcı oyundan sonra paltardəyişmə otağında futbolçuları ilə nələr danışdığını dilə gətirib:
"Oyundan sonra futbolçularımı təbrik etdim. Xoş sözlərimi ifadə etdim. Onlara görə sevinirəm. Çünki burada ilk dəfə çempion olan, eyni zamanda, çempionluqlarının sayını artıran oyunçular da var".
Qurban Qurbanov komandasının potensialından da söz açıb:
"Hər il heyəti qoruyub saxlamaq çətin olur. Əlimizdən gələni edəcəyik, çalışacağıq. Bu komandanın, oyunçuların daha yaxşı olmağa potensialı var. Ustalıq səviyyələrini artırmağa çalışacağıq. Hər bir halda, bəzən düşünmədiyimiz təkliflər olur, futbolçuları saxlaya bilməmişik. Bizdən asılı olan nə varsa, kollektivi qorumaq üçün səy göstərəcəyik".
Rövşən ƏLİSOY