DEBÜTANT: “Dişimizlə, dırnağımızla bunun öhdəsindən gələcəyik”
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bagırov futbol üzrə Azərbaycan Premyer Liqasının I turu çərçivəsində “Turan Tovuz”la keçirilmiş oyun haqda fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, gənc mütəxəssis komandanın hələ tam hazır olmadığını deyib.
“Yeni futbol mövsümünün başlanması münasibəti ilə hər birinizi təbrik edirəm. Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Çünki rəqibimiz olan “Turan Tovuz”un oturuşmuş heyəti var. Çalışdıq ilk 20-25 dəqiqə ərzində qol vuraq. Ancaq bunu bacarmadıq. İkinci hissədə dirəkdən qayıdan top matçda həlledici oldu. Hardasa 70-75 dəqiqə mübarizə apara bildik. Əlbəttə, səhvlərimiz oldu və bu səhvlər sonda qapıçıda “partladı”. Məğlubiyyəti bir futbolçunun üzərinə atmaq zəiflikdir. Ona qədər yarımmüdafiədə, ardınca isə müdafiədə səhvlər buraxdıq.
Bugünkü oyunla hər şey bitmədi. Mövsümün açılış oyunudur. Problemimiz gec toplaşmaq, heyəti qurmaq üçün vaxtımızın az olmasındadır. Komanda üzvlərinin fiziki hazırlığını qısa vaxtda düzəltmək və meydandakı anlaşmanı yüksək səviyyə qaldırmaq qısa vaxtda çətindir. Ancaq dişimizlə, dırnağımızla bunun öhdəsindən gələcəyik”.
Qeyd edək ki, Naxçıvan təmsilçisi Tovuz klubuna 0:3 hesabı ilə məğlub olub.