Millinin baş məşqçisi 12 yaşlı Zeynəb haqda: "Qadın futbolunda bu səviyyəli istedadlar tək-tük olur"

Millinin baş məşqçisi 12 yaşlı Zeynəb haqda: "Qadın futbolunda bu səviyyəli istedadlar tək-tük olur"

"Sosial şəbəkə vasitəsilə Zeynəbin videolarını izləmişdim. Topla etdiyi hərəkətlər diqqətimi cəlb etdi və mən də reaksiya verdim".

Bunu sosial şəbəkələrdə futbola olan həvəsi, topla müxtəlif hərəkətləri ilə gündəmə gələn 12 yaşlı Zeynəb Tanrıverdiyeva haqqında Mediasport.az saytına danışan futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Yığmanın çalışdırıcısı istedadlı yeniyetmənin atası ilə əlaqə saxladığını söyləyib və onunla bağlı yaxın gələcək üçün olan planlarından danışıb:

"Atasının əlaqə vasitəsini tapmaq üçün bir çox şəxslə əlaqəyə keçdik. Artıq uzun müddətdir Zeynəbin valideyni ilə danışırıq. Təəssüflər olsun ki, bu məsələ bizim Portuqaliya ilə oyun üçün baş tutan toplanışımıza təsadüf etmişdi. Düşərgədə olanda onlarla əlaqə saxlamışdım. Ölkəmizdə keçirilən mötəbər COP29-la bağlı bir çox yer bağlı olduğu üçün tədbir başa çatdıqdan sonra Zeynəbi AFFA-ya dəvət edəcəyimizi, federasiyasının akademiyasında bir həftə qalmasını planlaşdırmışıq. Zeynəbin yaşı U-15 milli komandasına düşür".

Təcrübəli mütəxəssis bildirib ki, artıq "Sabah" Zeynəblə müqavilə də bağlayıb:

"Sabah" onun üçün lazım olan şəraiti yaradıb. Klubun baş məşqçisi Mehdi İbrahimovla da sıx əlaqədəydim. Çünki görüşmüşdülər və Zeynəb haqqında məlumatlı idilər. Bir gün mənə zəng etdilər və dedilər ki, yeniyetmə komanda ilə məşqə çıxmaq üçün Bakıya dəvət edilib. Həmin məşq prosesində özüm də iştirak etdim və onu canlı görmək istədim. Həqiqətən qadın futbolunda bu səviyyəli istedadlar tək-tük olur. Zeynəb onlardan biridir. Atası ilə yenə danışdıq. Bildirdim ki, danışdığımız qüvvədədir. Zeynəbi Bakıya dəvət edəcəyik və bir həftə akademiyamızda qonağımız olacaq. Həm klub məşqlərinə çıxar, həm də şəxsən mən orada iştirak edərəm".

Əsgərov AFFA rəhbərliyinə də Zeynəb haqqında məlumat verildiyini söyləyib:

"Belə istedadlar batmamalıdır. Rəhbərlik də məsələdən xəbərdardır. Onlar sırf bu məsələ ilə bağlı mənimlə görüşüblər. Uşağın özü və ailəsi ilə əlaqədə olduğumu bildirmişəm. Zeynəblə Bakıda keçirəcəyimiz 1 həftədən sonra planımızın necə olacağını, federasiya olaraq onun üçün nə edə biləcəyimizi oturub danışacağıq. Ümid edirəm ki, onun kimi istedadlar Azərbaycanın qadın futboluna daha çox gələcəklər. Onların sayı nə qədər çox olarsa, yığmalarımızın, xüsusilə, əsas milli komandamızın nəticələri hər il daha gözəl olar".

Rövşən