Azərbaycana səs salan 12 yaşlı məktəblinin atasını fikrindən döndərən SƏBƏB nə oldu? - VİDEO
Sosial şəbəkələrdə, xəbər saytlarında futbola olan həvəsi, topla müxtəlif hərəkətləri ilə gündəmə gələn 12 yaşlı Zeynəb Tanrıverdiyeva bu yolda ilk addımını atıb və "Sabah" Futbol Klubu ilə müqavilə imzalayıb.
Bu barədə Mediasport.az saytına açıqlama verən yeniyetmənin atası Zöhrab Tanrıverdiyev övladının futbola olan sevgisindən, müxtəlif fikirlərə baxmayaraq, yolundan dönməməsindən, israrından və nəticədə, uğura gedən yolda ona göstərilən diqqətdən danışıb.
Cəlilabad rayonunun Şıxlar kəndindən olan 2012-ci il təvəllüdlü istedadın valideyni qızının öncədən bu idman növü ilə məşğul olmasını istəmədiyini söyləyib və səbəbini dilə gətirib:
"Zeynəbin futbol oynamağını əvvəl heç istəmirdik. Ümumiyyətlə, qadın futbolu haqqında çox məlumatım yoxdur. Kişilərdən ibarət millimizin oyunlarını, müxtəlif komandalarımızın avrokubok matçlarını, vaxt olduqca Premyer Liqanın oyunlarını da izləyir, idman saytlarını gözdən keçirmişəm. Zeynəbdə futbola marağın necə yarandığını deyə bilməyəcəm. Bizim cənub bölgəsində peşəkar futbol klubu yoxdur. Zeynəbdə bu həvəs, maraq 2 il öncə yarandı. Qarşısını almaq üçün çox çalışdıq. Çünki həmişə qızların daha incə idman növləri - məsələn, voleybol oynadığını görmüşdüm - milli komandamızın, "Azərreyl"in və s. Qızların daha çox bu cür idman növləri ilə məşğul olduqlarını bilirdim. Zeynəbdə bu cür marağın yaranması bizdə təəccüb doğurdu. Təsəvvür edin, plastik su qablarının qapaqlarını yerə düzərək müxtəlif hərəkətlər edirdi. Futbolla məşğul olmaması üçün ona top almırdıq. Müxtəlif yollarla tapırdı və oynayırdı".
Atası qızına futbolda irəliləməsi üçün dəstək olmasının əsas səbəbini bir hadisə ilə əlaqələndirib:
"Zeynəbi futbola yönəltməkdə dəstək olmağının səbəbini də sizə açıqlayacağam. Bir dəfə gecə saat təxminən 3-də səs gəldiyi üçün yuxudan oyandım. Zeynəbi yerində tapmadım. Gördüm ki, həyətdə zəif işıqları yandırıb, plastik su qablarının qapaqlarını sıralayıb və topla müxtəlif hərəkətlər edir. Hava da soyuq idi. Həmin hadisə mənə çox təsir etdi. Məni gördü, qorxdu. Dedim ki, oyna, narahat olma. Davam etdi, onu izlədim. Ona bu məsələdə bacardığım qədər dəstək olacağımı dedim və söz verdim".
Ata deyir ki, AFFA Zeynəbin barəsində sosial şəbəkələrdə yayılan videolar vasitəsilə xəbər tutub:
"Zeynəbin sosial şəbəkələrdə yayılan videoları AFFA-ya qədər gedib çatdı. Yığmanın məşqçiləri onu görüb bəyəndilər, çox sağ olsunlar. İnanıram ki, Zeynəb məşhur futbolçulardan biri olacaq. Üzərində çox çalışır. Əlinə telefon, planşet götürəndə də futbol hərəkətlərini izləyir, məşqlər edir. Arzusu Türkiyənin "Qalatasaray", İspaniyanın "Real" klublarında oynamaqdır. Zeynəbin futbola gəlişi cənub bölgəsində "partlayışa" səbəb olub. Yeniyetmə qızlar onun kimi futbola həvəs göstərirlər. Zeynəbin videolarını məktəblilər izləyirlər. Məktəbdə qızlar futbol oynayırlar. Lakin burada bir futbol klubu belə yoxdur. Bölgəmizin yaralı yeri də var: yetkinlik yaşına çatmayan qızları ailə qurmağa məcbur edirlər. Bu məsələ həmin valideynlərə örnək olar. Uşaqlara dəstək olmaq və icazə vermək lazımdır ki, onlar bacarıqlarını həyata keçirsinlər, istədiklərini reallaşdırsınlar".
Zöhrab bəy qeyd edib ki, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov ailə ilə əlaqə saxlayıb, Zeynəbin oyununu canlı izləyib:
"Buna qədər də Zeynəbin futbol oynamağı məktəbdə müəllimlər tərəfdən, eyni zamanda, küçədən çəkilib paylaşılan videolarla ortaya çıxmışdı. Müxtəlif saytlar da bunu götürüb paylaşdılar. Zeynəb artıq "Sabah" Futbol Klubu ilə müqavilə imzalayıb. Allahın izni ilə, COP29-dan sonra çempionat keçiriləcək. Siyasət müəllim, Törə xanım (AFFA rəsmisi Törə Əhmədovanı nəzərdə tutur-red.) çox sağ olsun. Bizə dəstək oldular. Zeynəbin 12 yaşı olmasına baxmayaraq, ona diqqət göstərdilər, dəyər verdilər. Baş məşqçi yoldaşlıq matçında Zeynəbin oyununu da izlədi, bəyəndi. Hətta bildirdi ki, Zeynəbi milli komandanın məşqlərinə də dəvət edəcək. Onu diqqətdə saxlayan hər kəsə təşəkkür edirəm".
Rövşən