Rauf Əliyev: "Harda görülüb ki, oyun başa çatandan sonra hakim məşqçini "razborka"ya çağırsın?"
"Cəza açıqlanmazdan əvvəl də müsahibə verib uşaq liqalarındakı vəziyyətdən danışmışdım. Hakimliklə bağlı vəziyyət çox pisdir".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev deyib.
U-15 Liqasının "Turan Tovuz"la matçının 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alan gənc çalışdırıcı qarşılaşmada cərəyan edən hadisələrdən danışıb:
"Turan Tovuz"la oyunumuzda məni hakimin qərarlarından daha çox danışığı narahat etdi. Futbolçularıma qarşı qışqıraraq danışırdı. Sadəcə, ona dedim ki, öncə oyunçularıma qarşı normal danışmağı öyrən. O, daha sonra tam fərqli qərarlar verməyə başladı. Futbolçulara da oyun zamanı deyib ki, məşqçinizə görə sizin başınıza oyun açacağam. Bir hakimin belə deməsi biabırçılıqdır. İradımı bildirdiyim üçün kart verib məni uzaqlaşdırdı. Əsəbləşmişdim, amma ağır sözlər deməmişdim. Oyundan videogörüntülər də var. Tribunaya qalxıb komandamın oyununu idarə etdim".
Gənc çalışdırıcı aşağı liqalarda hakimlərə nəzarətin olmadığını bildirib:
"Hakimlər çox təcrübəsizdirlər. "Turan Tovuz"la matç bitdikdən sonra hakim mənə qarşı, "Bayaq nə deyirdin?" cümləsini işlətdi. Videogörüntü də var. Futbolda harda görülüb ki, oyun başa çatandan sonra hakim məşqçini "razborka"ya çağırsın? Daha sonra durub polisə müraciət edib...Qərarı da anlamıram. Oyunçuma da heç bir səbəb olmadan qırmızı kart vermişdi. Mən özüm də cəzalandım. Maraqlıdır, bu qədər olanlardan sonra hakimə kim cəza verəcək?"
Qeyd edək ki, R.Əliyev AFFA İntizam Komitəsinin qərarı ilə 5 oyunluq diskvalifikasiya olunub.
Rövşən