"Araz-Naxçıvan" gələn mövsümdə də ev oyunlarını Bakıda keçirəcək?
"Əlbəttə, biz də rəqiblərimizi doğma meydanda qəbul etməyi, azarkeş üstünlüyündən yararlanmaqla yanaşı, onların da doğma komandalarının oyunlarını canlı izləməsinə şərait yaratmağı istəyirik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın mətbuat katibi Mahal Məmmədov deyib.
Muxtar Respublika təmsilçisinin rəsmisi Naxçıvan şəhər stadionunun Peşəkar Futbol Liqasının tələblərinə cavab vermədiyini söyləyib:
"Naxçıvanda oynamaq oradakı stadionun təmirindən asılıdır. Müəyyən təmir işləri görülməli, VAR sistemi qurulmalıdır. Bundan sonra arenaya baxış keçiriləcək və tələblərə cavab verərsə, oyunların keçirilməsinə icazə veriləcək".
Klub rəsmisi komandanın yay hazırlıq planından da danışıb və məşqlərdə, əsasən, yerli futbolçuların iştirak etdiyini deyib:
"Komanda məşqlərə başlayıb. İki gündür hazırlıq Bakı Olimpiya Stadionunda davam etdirilir. Plana uyğun olaraq, iyulun 8-dək məşqlərimiz Bakıda olacaq. Hazırda əsasən, yerli futbolçular məşqlərdə iştirak edirlər. Legionerlərdən İqor Ribeyro və Vanderson da artıq məşqlərə qoşulub. Digər əcnəbilərimiz gələn həftə Bakıya gələcəklər".
O, "Araz-Naxçıvan"ın 4 yoldaşlıq matçı keçirəcəyini bildirib:
"Bakıda 1, iyulun 10-dan 25-dək Ərzurumda baş tutacaq hazırlıq prosesində isə 3 yoldaşlıq matçı keçirmək planlaşdırılıb. Hazırda rəqiblərlə bağlı işlər görülür. Adlar dəqiqləşdikdən sonra məlumat veriləcək".
Mahal Məmmədov baş məşqçi Elmar Baxşiyevin bir neçə mövqeyə transferlərin edilməsini istəyib:
"Xüsusilə də, hücum, pleymeyker və müdafiənin mərkəzinə transferlər nəzərdə tutulub. Danışıq apardığımız futbolçular var. Ortaq məxrəcə gəldikcə, onlar açıqlanacaq".
Rövşən Əlisoy