"Futbolçularımız meydanda can qoymurlar" - Millimizin kapitanı

"Futbolçularımız meydanda can qoymurlar" - Millimizin kapitanı

"Bu tura qədər xalımız yox idi. Burada uda biləcəyimiz komandalardan biri Estoniya millisi idi. Təəssüflər olsun ki, qalib gələ bilmədik".

Bu sözləri Mediasport.az saytına açıqlamasında yunan-Roma güləşi üzrə 4-qat dünya çempionu Eldəniz Əzizli deyib.

UEFA Millətlər Liqasının C Liqasının 5-ci turunun Azərbaycan - Estoniya (0:0) matçını Qəbələ şəhər stadionunda ailəsilə birlikdə izləyən güləş yığmamızın kapitanı futbolçularımızda ruh yüksəkliyinin yaxşı səviyyədə olmadığını bildirib:

"İlk xalımızı qazandıq. Millimizə son matçda uğurlar arzulayıram. Estoniya ilə görüşdə müəyyən qədər çalışdılar, amma yenə də alınmadı. Qələbə üçün nə çatmadı? Mənə elə gəlir ki, milli komandada ruh yüksəkliyi o qədər deyil. Çalışırlar, amma deməzdim ki, futbolçularımız bütün potensiallarını ortaya qoyurlar, can qoyurlar. 

Bizdə fərdi idman növüdür, futbolçularda kollektiv. Kollektiv idman növləri həqiqətən çətindir. Burada bir nəfər yox, 11 nəfər də istəməlidir ki, qalib gəlsin.

Güləşdə elədir ki, qələbəmiz özümüzdən asılı olur. Bir də kənardan məşqçilər müəyyən qədər təsir edirlər. Futbolda 11 oyunçunun 11-i də istəməlidir, can qoymalıdır. Baxırsan ki, bir oyunda 1-i istəyib, o biri oyunda o biri istəməsə, kollektiv qalib gələ bilməyəcək.

Estoniya ilə matçda 1-2 nəfəri qeyd etmək olar, çalışdılar, istədilər. Amma bütövlükdə komanda olaraq tam potensiallarını ortaya qoya bilmirlər".

Eldəniz Əzizli millidə forma geyinən qohumu Coşqun Diniyev haqqında fikirlərini də bölüşüb:

"Gördüyünüz kimi, ailəmlə gəlmişəm, anam da buradadır. Bilirsiz ki, anam Coşqunun bibisidir. Amma biz tək Coşquna görə yox, bütöv milli komandaya dəstək olmaq üçün buradayıq. Hamısı mənim dostlarımdır. Təəssüflər olsun ki, Estoniya ilə matçda da qalib gələ bilmədik".

Elvin