"Avrokubok? Hər komanda kimi, biz də bunu istərdik" - Vaqif Cavadov

"Avrokubok? Hər komanda kimi, biz də bunu istərdik" - Vaqif Cavadov

"Qələbəni 75 illiyi qeyd olunan şəhərimizə hədiyyə edirik. Gözəl oyunla vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq"

Mediasport.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov səsləndirib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 14-cü turunun "Şamaxı" ilə ev matçı haqda dşüüncələrini bölüşüb.

O, 2:1 hesablı qələbəni belə şərh edib:

"Hər iki hissədə daha üstün idik və yaxşı oyun göstərdik. Futbolçularımı bu oyuna görə təbrik edirəm. Yaxşı komandaya qarşı mübarizə apardıq.

Hər oyun çətindir. Rahatlaşmamışıq, istədiyimiz futbolu nümayiş etdirmək istəyirik. Xallar qazanmaq çox vacibdir. Avrokubok zonası haqda indi danışmaq düzgün olmaz. Amma hər komanda kimi, biz də bunu istərdik. Hər oyun bugünkü kimi mübarizə aparsaq, yuxarı sıralarda ola bilərik".

V.Cavadov matçın biletlərinin pulsuz olmasına baxmayaraq, stadiona az sayda azarkeş gəlməsinə də münasibət bildirib:

"Oyun axşam vaxtlarına düşdü deyə, azarkeş az oldu. İstəyirəm ki, fanatlarımız gəlsin və bizə dəstək olsunlar. Bilirəm ki, gəlməyən fanatların da ürəyi bizimlədir".

Qeyd edək ki, xalını 16-ya yüksəldən "Sumqayıt" 6-cı pillədə qərarlaşıb.