"Azərbaycanın öz yetirməsinin olimpiadada çıxışı sevindiricidir"
Avropa Oyunları Parkında kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov yarışla bağlı fikirlərini bölüşüb:
"Bu gün Azərbaycan birinciliyi və çempionatı start götürür. Hər bir iştirakçıya uğurlar arzu edirəm. Ümid edirik ki, yaxın vaxtlarda ölkəmizdə bu idman növünə aid beynəlxalq yarışlar da keçiriləcək. İlk növbədə idmançılarımızın sayı artmalıdır".
Nazir Paris-2024 Yay Olimpiya Oyunlarında kamandan oxatma yarışında Azərbaycanın da təmsil olunduğunu xatırladıb:
"Sevindirici haldır ki, Azərbaycanın öz yetirməsi olan Yaylagül Ramazanova olimpiadada ölkəmizi adına çıxış etdi. Biz inanırıq ki, Yaylagül xanıma baxan gənc qız və oğlanlarımız da kamandan oxatma yarışlarında qüvvələrini sınamaq istəyəcəklər".
Xatırladaq ki, turnir sabah yekunlaşacaq.