Bakıda keçirilən Beynəlxalq Şahmat Festivalı başa çatdı

Bakıda keçirilən Beynəlxalq Şahmat Festivalı başa çatdı

Bakı İdman Sarayında təşkil edilən “Baku Open 2024” beynəlxalq şahmat festivalının bağlanış mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, tədbirdə əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illik yubileyinə həsr olunan yarışın icmalını əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışın keçirilməsində dəstək olan qurumlara təşəkkür edib, turnirin özünəməxsus xüsusiyyətlərindən danışıb. AŞF rəhbəri "Baku Open 2024" festivalının təşkil olunduğu Bakı İdman Sarayını təşəkkürnaməylə təltif edib. Mükafat arenanın direktor müavini Vüqar Tağıyevə təqdim olunub.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AŞF prezidenti Mahir Məmmədov, federasiyanın Birinci Vitse-prezidenti Faiq Həsənov, baş katib İlahə Qədimova, İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, AŞF-nin qadın və sosial komissiyasının rəhbəri Zeynəb Məmmədyarova təqdim edib.

Kişilərin mübarizəsində 4 şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə Sina Movahed (İran) çempion tituluna yiyələnib. Hindistanlılar Abhimanyu Puranik 2-ci, Mittal Aditya 3-cü yeri tutub. Azərbaycanlı zəka sahibləri arasında ən yüksək nəticəyə Vüqar Əsədli imza atıb. O, 6,5 xalla 5-ci olub.

Qadınlar arasında rusiyalı Polina Şuvalova 6,5 xalla qalib adına yiyələnib. Növbəti yerlərdə qazaxıstanlı şahmatçılar Bibisara Assaubayeva (6,5 xal) və Meruert Kamalidenova (5,5 xal) qərarlaşıb. Hesabında 5,5 xal olan Gülnar Məmmədova yarışı 4-ci pillədə bitirib.

Festival çərçivəsində keçirilən veteranların Azərbaycan çempionatında İlqar Bacarani çempionluq sevinci yaşayıb. Fikrət Sideifzadə ikinci, Akif Vəlibəyov üçüncü yerə layiq görülüb.

Müxtəlif kateqoriyalarda Nurlan Qənizadə, Mədinə Eyvazova (hər ikisi 8 yaşlıların turnirində), Eldar Ağacanov, Məryəm Məmmədova (10 yaşlılar), Əhməd Hüseynov və  Zəhra Allahverdi (12 yaşlılar) birinci yeri tutub və Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıb.