"Birinci hissədə yüz faizli iki epizoddan yararlana bilmədik"
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Zirə" ilə qarşılaşıb.
Mediasport.az xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 1:1.
Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov matç haqqında fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Çətin səfər idi. "Zirə"yə səfərdə qalib gəlmək üçün çox əziyyət çəkmək lazımdır. Azarkeşlərimizə təşəkkür edirəm. Oyun baxımından üstünlük bizdə idi, ilk dəqiqələrdə qol vurduq. Birinci hissədə yüz faizli iki epizoddan yararlana bilmədik. Zədələrdən və qırmızı vərəqədən sonra bilirdik ki, rəqib ikinci yarıda dəyişikliklər edəcək və bizi əks-hücumlarda yaxalayacaq. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdə səhv etdik və penalti oldu. Bundan sonra epizodlar var idi. Çempionat gərgin keçir, hər xal vacibdir.
Aydın Bayramovun vəziyyəti necədir?
- Zərbə üz nahiyəsinə olmuşdu. Oynamaq istədi, sonra başı gicəlləndi. Paltardəyişmə otağında pis deyildi.
Son nöqtəni qoya bilməməkdə problem nədir?
- Bu gün bizim də itkilərimiz var idi. Aleks Souza zədəli idi, bir məşq etmişdi. Riskə getdik, onu meydana buraxdıq. Denis Marandiçinin yoxluğu təsir etdi. O oynayanda cinahdan asmalar daha yaxşı olur. Rəqib yaxşı müdafiə olundu. "Zirə" çempionatda ən az qol buraxan komandadır. Rəşad Sadıqov komandanı hər rəqibə görə hazırlaya bilir. Bir az da yaxşı ola bilərdik. Bunun üçün çalışmaq lazımdır.
Bu oyunu "Zirə" ilə kubok matçı ilə müqayisə etmək olar?
- Kubok görüşündə biz qol vurandan sonra "Zirə"nin böyük təzyiqi oldu. Bu gün isə qoldan sonra oyun bizim nəzarətimizdə idi. "Zirə" ilə matçlarımız həmişə maraqlı keçir. Bir-birimizə qarşı taktiki savaş gedir.
İsmayıl Zülfüqarlı sol cinahda nə dərəcədə effektiv oldu?
- Bu gün orada oynayacaq ən real futbolçumuz o idi. Slavik Alxasov da zədəlidir. İsmayıl əvvəlki klubunda sol cinahda oynayıb, təcrübəsi var. Pis çıxış etmədi.