AFFA-nın Bakıda keçirdiyi minifutbol turniri yekunlaşıb
AFFA-nın təşkilatçılığı, FİFA, UEFA, Elm və Təhsil Nazirliyinin birgə dəstəyi ilə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin minifutbol turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Bakı Avropa Liseyi, 115, 159 və 171 nömrəli tam orta məktəblərin minifutbol meydançalarında təşkil olunan turnirdə ümumilikdə 32 komanda mübarizə aparıb.
Pley-off sistemi ilə baş tutan turnirin III yer uğrunda görüşündə Bakı Avropa Liseyini 9:3 hesabı ilə məğlub edən 276 nömrəli məktəbin kollektivi bürünc mükafata yiyələnib.
229 nömrəli məktəblə 171 nömrəli məktəbin komandalarının final matçının əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Oyunsonrası penaltilərlə 3:2 hesablı qələbə qazanan 229 nömrəli məktəbin kollektivi kuboku başı üzərinə qaldırıb.
Turnirdə ilk 3 yeri tutan komandalar, xüsusi fərqlənən futbolçular, eləcə də qalib komanda AFFA tərəfindən kubok, medallar və müxtəlif nominasiyalarla təltif olunublar. Mükafatları iştirakçılara AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.