Zöhrab Gözəlbəyli Türkiyə və Bolqarıstan klublarının oyununda
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Mediasport.az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında CEV Kubokunun 1/16 finalının cavab qarşılaşmasına supervayzer təyin edilib.
O, noyabrın 30-da İzmirdə keçiriləcək “Arkas” (Türkiyə) - “Neftoximik” (Bolqarıstan) klublarının oyununda hakimlərin işinə qiymət verəcək.
Görüşün hakimləri ingiltərəli Dominik Bieqaylo və çexiyalı Roman Marşner olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.