"Sabah"ın futbolçusu "Zirə"ylə anlaşıb, kompensasiya ödəyəcək
Uzun müddətdir əvəzedici heyətə göndərilən "Sabah"ın futbolçusu Ceyhun Nuriyev özünə yeni komanda tapıb.
Mediasport.az saytına verilən məlumata görə, məhz Masazır təmsilçisi ilə müqaviləni yeniləmək istəmədiyi üçün "dubl"a göndərilən 22 yaşlı yarımmüdafiəçi qışda "Zirə"yə keçəcək.
Hücumameylli futbolçu Azərbaycan Premyer Liqasının lideri ilə anlaşıb. "Qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun bəyəndiyi Nuriyev "Sabah" rəhbərliyinə təzminat ödəməyə hazır olduğunu bildirib.
O, klub rəsmilərinə deyib ki, yetər ki, ona "Zirə" ilə müqavilə bağlamaq üçün maneə yaradılmasın.
Qeyd edək ki, yarımmüdafiəçinin Masazır klubu ilə anlaşması 2024-cü il iyunun 30-a qədərdir.
Məlum olduğu kimi, onunla birgə cəzalandırılan qapıçı Nicat Mehbalıyev isə artıq "bağışlanıb" və əsas komandaya qaytarılıb.