"Qazanılan nəticələrə görə daxili rahatlığımız var" - Kurban Berdıyev
"Zirə"nin Azərbaycan çempionatında ən aparıcı klublardan biri olması, ölkəni avrokuboklarda da təmsil etməsi heç kəsə sirr deyil. Biz onsuz da ehtimal etmişdik ki, oyun çox çətin olacaq"
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Rusiyalı mütəxəssis Premyer Liqanın 9-cu turunun "Zirə" ilə ev oyununu şərh edib
Təcrübəli çalışdırıcı 1:0 hesablı qələbə haqda bunları qeyd edib:
"İlk yarıda "Zirə"nin üstünlüyü və qol epizodları olsa belə, onların qarşısını aldıqları üçün uşaqlara təşəkkür edirəm. Üstəlik, rəqibə qol vurmaq imkanı vermədikləri üçün də təşəkkürümü bildirirəm. İkinci hsisədə planlı dəyişikliklər etdik. Əvvəlcə oyunu bərabərləşdirdik, müəyyən epizodlarda da onları üstələdik. Əvəzetmələr oyunumuzu gücləndirdi".
İkinci hissədə hücumda təzyiqi artırdınız. Əvvəlcədən planlaşdırılmışdı?
- Bəli, dəyişikliklər planlı şəkildə edildi. Üçüncü dəyişikliyi isə bilmədik ki, kimi əvəzləyək. Amma ilk ikisi öncədən düşünülmüşdü.
Legioner limitinin olması əl-qolunuzu nə dərəcədə bağlayır?
- Xeyr, legioner limitinin tətbiq olunması bizə xüsusi problem yaratmır. Aleks Souza uzun müddət idi ki, zədələnmişdi, oynaya bilmirdi. Fərid Yusifli var, o da meydana çıxanda yaxşı mübarizə aparır.
Birinci dövrə başa çatdı. Nəticəni qənaətbəxş hesab edirsiz?
- Qazanılan nəticələrə görə daxili rahatlığımız var, bizi sevindirir. Bu oyun və ondan əvvəlki oyunlar da göstərdi ki, üzərində işləməli olduğumuz çox detallar var.