5 oyunluq cəzalanan "Şamaxı"nın məşqçisini tovuzlu azarkeşlər söyüb
Premyer Liqanın 13-cü turu çərçivəsində “Turan Tovuz” səfərində qeydə alınmış xoşagəlməz hadisədən sonra qonaq komandanın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə klubu AFFA İntizam Komitəsi tərəfindən 4000 manat cərimə edilib, özü isə 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Gənc məşqçi görüş başa çatandan sonra paltardəyişmə otağına yollanarkən məhz tovuzlu azarkeşlər tərəfindən təhqir olunduğu üçün adekvat cavab verib. Bunu mediasport.az saytına açıqlamasında "Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov deyib.
Klub rəsmisi bildirdi ki, Tovuz azarkeşləri Anar Niftəliyevi ağır söyüşlərlə təhqir ediblər:
- Orada kiçik bir insident yaşanıb, amma yerli fanatlar Anar müəllimə qarşı çox ağır söyüşlər işlədiblər. Məşqçimiz də özünü cilovlaya bilməyərək qarşı tərəfə reaksiya verib. Hadisə AFFA nümayəndəsinin gözləri qarşısında baş verib, Anar Niftəliyev nəticədə cərimələnib.
"Şamaxı" cari mövsüm Premyer Liqada ilk qələbəsini məhz Tovuz səfərində qazanıb - 3:1.